Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2010-cu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
14.12.2010
İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2010-cu ilin on bir ayı ərzində 4,5 faiz və ya müqayisəli qiymətlərlə 1,4 milyard manat artaraq 36,6 milyard manata çatmışdır. Əlavə dəyər məhsul istehsalı sahələrində 3,4 faiz, xidmət sahələrində 6,2 faiz çoxalmış, 53,9 faizi sənaye sahələrində, 7,3 faizi tikinti kompleksində, 4,9 faizi kənd, ovçuluq və meşə təsərrüfatında, 6,0 faizi nəqliyyatda, 8,1 faizi ticarət və pullu xidmət sahələrində, 1,9 faizi rabitədə, 11,0 faizi digər sahələrdə istehsal olunmuşdur.
Adambaşına 4096,4 manatlıq (5101,4 ABŞ dolları), yaxud keçən ildəkindən 3,2 faiz çox əlavə dəyər istehsal olunmuşdur.
Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 5,9 faiz, neft sektorunda isə 2,6 faiz artmışdır.
Sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,1 faiz artmış, sənaye məhsulunun 76,1 faizi və ya 19,2 milyard manatı mədənçıxarma bölməsində, 18,8 faizi, yaxud 4,8 milyard manatı emal bölməsində, 4,5 faizi və ya 1,1 milyard manatı elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi və ya 145,7 milyon manatı su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur.
Yanvar-noyabr ayları ərzində mədənçıxarma bölməsində 47,1 milyon ton neft, 15,5 milyard kub metr əmtəəlik qaz hasil olunmuşdur.
Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2,2 faiz, içki istehsalı 12,7 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatlar istehsalı 14,6 faiz, kağız və karton istehsalı 22,9 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara köçürülməsi 10,5 faiz, neft məhsulları istehsalı 8,9 faiz, kimya sənayesi məhsulları istehsalı 11,2 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 22,3 faiz, elektrik avadanlıqları istehsalı 83,2 faiz, maşın və avadanlıqlar istehsalı 2,6 dəfə, avtomobil, qoşqu və yarımqoşqular istehsalı 74,4 dəfə artmışdır.
İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 16,0 milyard kv.saat elektrik enerjisi istehsal olunmuşdur.
Sənaye məhsulu istehsalı neft sektorunda 2,5 faiz, qeyri-neft sektorunda isə 5,9 faiz artmışdır.
Aqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatmaq üzrədir. Dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2000,3 min ton taxıl, 953,7 min ton kartof, 1178,9 min ton tərəvəz, 35,3 min ton pambıq, 711,0 min ton meyvə və giləmeyvə, 433,2 min ton bostan məhsulları, 123,4 min ton üzüm, 218,0 min ton şəkər çuğunduru, 3,2 min ton tütün, 530,5 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 303,2 min ton ət, 1400,9 min ton süd, 1081,8 milyon ədəd yumurta və 15,4 min ton yun istehsal olunmuşdur. Taxıl və kartof istisna olmaqla qalan bitkiçilik məhsullarının və heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə artmışdır.
Dəyər ifadəsində heyvandarlıq məhsulları istehsalı 7,1 faiz artmış, bitkiçilik məhsulları istehsalı 9,0 faiz və kənd təsərrüfatının ümumi məhsulu 2,7 faiz azalmışdır.
2011-ci ilin məhsulu üçün 973,1 min hektar sahədə şum qaldırılmış, 836,3 min hektar sahədə dən üçün taxıl, o cümlədən 602,0 min hektar sahədə buğda, 234,2 min hektar sahədə arpa səpilmişdir.
İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7,7 milyard manat həcmində vəsait yönəldilmiş, 5,1 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Əsaslı vəsaitin 76,2 faizini və ya 5,9 milyard manatını daxili investisiyalar təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 15,2 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 9,6 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasının aparılmasına investisiyanın 50,8 faizi, yaxud 3,9 milyard manat sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş sərmayənin çox hissəsini (53,1 faizini) müəssisə və təşkilatların vəsaitləri, 31,7 faizini büdcə vəsaitləri təşkil etmişdir.
İlin əvvəlindən ümumi sahəsi 1490,1 min kv.metrə bərabər yaşayış evləri, 14322 şagird yerlik ümumtəhsil məktəbləri, 581 çarpayılıq xəstəxana, növbədə 530 nəfərə xidmət etməyə imkan verən ambulator-poliklinika müəssisəsi, 540 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Dalğa Plaza" İŞ, "Park Bulvar" Ticarət, İstirahət və Sərgi mərkəzləri, Qranit-mərmər zavodu, Naxçıvan MR-da Avtomobil zavodu, Ordubad Su Elektrik stansiyası, "Gəmiqaya" Daş məhsulları Sənaye kompleksi, Beton zavodu, Məhdud imkanlılar üçün Regional İnformasiya mərkəzi, Naxçıvan-Sədərək Avtomobil yolu, Gəncə şəhərində "Ramada Plaza" və Balakən rayonunda "Qubek" mehmanxanaları, Qəbələdə "Fitnes" Sağlamlıq mərkəzi, "Gilan" Piano fabriki, Avtovağzal binası, "Qafqaz Resort" və "Qafqaz Riverside" mehmanxanaları, Meyvə-tərəvəz Soyuducu anbarı, Abşeron rayonunda Duz zavodu, Biləsuvarda Konserv zavodu, Regional Ana və Uşaq mərkəzi, Cəlilabad rayonunda Müalicə-diaqnostika mərkəzi, Şahmat mərkəzi, Göytəpə Su anbarı, Şərab emalı sexi, Salyanda Soyuducu anbar kompleksi, Lənkəranda Konserv zavodu, Çay fabriki, Regional Boks mərkəzi, Dondurma fabriki, Zaqatala rayonunda Süd və Tütün emalı zavodları, Ağstafa rayonunda Mineral su istehsalı sexi, Göyçay, Balakən, Ağdaş və Horadizdə Olimpiya İdman kompleksləri, Mingəçevirdə "Kür" Olimpiya Tədris-idman mərkəzi, Şahmat məktəbi, Füzuli rayonunda Tibb mərkəzi və Muğam evi və s. istismara verilmişdir.
İnşasına əvvəlki illərdə və cari ildə başlanmış obyektlərin tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin on bir ay ərzində 2285,4 milyon manatından istifadə olunmuşdur.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 179,9 milyon ton yük və 1,3 milyard nəfər sərnişin daşınmış və keçən illə müqayisədə yük daşınması 3,1 faiz, sərnişin daşınması isə 4,4 faiz artmışdır.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə yanvar-oktyabr aylarında 42,5 milyon ton yük daşınaraq bu fəaliyyətdən, habelə sərnişin daşınmasından əldə olunmuş 263,0 milyon manat gəlirin 41,8 faizi dəmir yolu, 23,4 dəniz, 34,8 faizi avtomobil nəqliyyatının işi hesabına yaranmışdır.
Ölkənin iqtisadi və həm də sosial həyatında sürətlə inkişaf edən sahələrdən biri də rabitədir. Sahənin əməkçiləri ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1033,3 milyon manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 30,8 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 74,2 faizi və ya 766,7 milyon manatı əhaliyə göstərilmiş və 31,2 faiz artmışdır.
Yanvar-noyabr ayları ərzində 16,2 milyard manat məbləğində istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. İstehlakçılara ticarət şəbəkəsindən keçən ilin müvafiq dövründə olduğundan 8,5 faiz çox və ya 12,0 milyard manat həcmində əmtəə satılmış, 10,4 faiz çox, yaxud 4,2 milyard manatlıq pullu xidmət göstərilmişdir. İstehlak bazarında satılmış malların 7,8 milyard manatını və ya 64,5 faizini ərzaq məhsulları, 4,2 milyard manatını qeyri-ərzaq malları təşkil etmişdir.
Əmtəə dövriyyəsinin 14,9 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 40,4 faizi bazarlar və yarmarkalar, 44,7 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilmişdir.
Ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri yanvar-oktyabr aylarında 143 dövlətlə 22,5 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatları aparmışlar.
Xarici ticarət dövriyyəsinin 17,4 milyard dollarını və ya 77,2 faizini ölkədən ixrac olunmuş mallar, 5,1 milyard dollarını (22,8 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. Ticarət əlaqələrinin 85,7 faizi və ya 19,3 milyard dolları uzaq xarici ölkələrlə, 14,3 faizi (3,2 milyard dolları) MDB üzvü dövlətləri ilə aparılmışdır.
Ölkəmizdən göndərilmiş malların 90,7 faizi uzaq xarici dövlətlərə, 9,3 faizi isə MDB üzvü ölkələrinə ixrac olunmuş və onun əsas hissəsini mineral məhsullar, ərzaq məhsulları, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, quru, hava və su nəqliyyatı vasitələri, kimya və neft-kimya sənayesi məhsulları təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların çox hissəsi (68,9 faizi) uzaq xarici ölkələrdən daxil olmuşdur. Maşın və mexanizmlər, elektrotexniki avadanlıqlar, ərzaq məhsulları, quru, hava və su nəqliyyatı vasitələri, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, kimya sənayesi məhsulları, mineral məhsullar idxal olunmuş mallar içərisində üstünlük təşkil etmişdir.
Beləliklə, on ay ərzində aparılmış idxal-ixrac əməliyyatları nəticəsində 12,2 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 12,2 milyard dollar, MDB üzvü dövlətləri ilə isə 10,2 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranmışdır.
Yanvar-oktyabr aylarında ölkəmizə 25,9 milyon dollarlıq humanitar və texniki yardım daxil olmuşdur.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayında oktyabr ayı ilə müqayisədə 1,8 faiz, on bir ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə 5,5 faiz bahalaşmışdır. Oktyabr ayına nisbətən noyabr ayında ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, xidmət tarifləri 0,9 bahalaşmışdır. İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 6,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,2 faiz və xidmət tarifləri 4,7 faiz bahalaşmışdır.
Yanvar-noyabr aylarında əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,0 faiz artaraq 22,7 milyard manata, onun adambaşına düşən məbləği isə 10,7 faiz çoxalaraq 2539,9 manata çatmışdır. Gəlirlərin 69,4 faizi son istehlaka, 8,9 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur. Əhalinin sərəncamında 20,7 milyard manat məbləğində gəlirləri qalmış və keçən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz artmışdır.
Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2009-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 7,7 faiz çoxalaraq 321,2 manata çatmışdır. Sənaye sahələrində çalışanların əmək haqqı on ayda 457,5 manat, tikinti kompleksində 505,2 manat, nəqliyyatda 368,8 manat, rabitədə 522,3 manat təşkil etmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə 8,4 milyard manat daxil olmuş, büdcədən 7,6 milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 37,7 faizi və ya 2,9 milyard manatı iqtisadiyyatın inkişafına, 11,3 faizi (861,9 milyon manatı) təhsilə, 13,2 faizi (1006,6 milyon manatı) sosial müdafiə və sosial təminata yönəldilmişdir.
Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 2,4 faizinə bərabər və ya 774,5 milyon manatlıq profisit yaranmışdur.
Noyabr ayının 1-nə əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrünə nisbətən 35,8 faiz artaraq 2,9 milyard manat olmuş, onların 1,6 milyard manatı xarici valyuta ilə, 1,3 milyard manatı isə milli valyuta ilə qoyulmuşdur.
Ölkənin maliyyə-kredit təşkilatları noyabrın 1-nə kimi 9,1 milyard manat məbləğində kredit vermiş, kreditlərin 72,2 faizi uzunmüddətli olmuş, 5,0 faizinin ödəmə vaxtı keçmişdir.
Noyabr ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0,80 manat, 1 Avroya 1,06 manat, 100 Rusiya rubluna 2,58 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,80, 1,06 və 2,65 manata bərabər olmuşdur.