Tikinti haqqında

17.01.2011

Ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf edir. 2010-cu il ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 9,7 milyard manat və ya əvvəlki ildəkindən müqayisəli qiymətlərlə 21,2 faiz çox vəsait yönəldilmiş və onun 6,4 milyard manatı tikinti-quraşdırma işlərində istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin dörddə üç hissəsi daxili mənbələr hesabına təmin edilmişdir. Sərf edilmiş sərmayələrin 48,6 faizi məhsul istehsalı, 51,4 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. 2010-cu ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bir sıra yeni obyektlər işə salınmış, yeni iş yerləri açılmışdır. Oğuz-Qəbələ-Bakı su kəməri, Naxçıvan şəhərində Avtomobil zavodu, Supaylayıcı qurğu, "Gəmiqaya" Daş Məhsulları Sənaye Kompleksi və Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzi, Ordubad Beton zavodu, Ordubad Biləv Su Elektrik Statnsiyası, 87 kilometrlik Naxçıvan-Sədərək avtomobil yolu, Lənkəran rayonunda Konserv zavodu, Çay və Dondurma fabrikləri, Zaqatala rayonunda Süd və Tütün emalı zavodları, Abşeron rayonunda Duz zavodu, Cəlilabad rayonunda Göytəpə Su anbarı, Şərab istehsalı sexi, Müalicə-Diaqnostika Mərkəzi və Şahmat Məktəbi, Biləsuvar rayonunda Konserv zavodu və Regional Ana və Uşaq Mərkəzi, Ağstafa rayonunda mineral su istehsalı sexi, Salyan rayonunda Soyuducu Anbar Kompleksi, Qəbələ rayonunda "Gilan" Piano fabriki, meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbarlar, Avtovağzal binası, "Qafqaz Resort" və "Qafqaz Riverside" mehmanxanaları və "Fitnes" Sağlamlıq Mərkəzi, Gəncə şəhərində "Ramada Plaza" mehmanxanası, Bakı şəhərində Qranit-mərmər zavodu, Səngəçalda Taxıl Elevatoru, "Dalğa Plaza" İş, "Park Bulvar" Ticarət, İstirahət və Sərgi mərkəzləri, Müşfiqabadda İdman Mərkəzi, Balakən rayonunda "Qubek" mehmanxanası, Balakən, Ağdaş, Göyçay rayonlarında Olimpiya İdman kompleksləri, Füzuli rayonunda Horadiz Olimpiya İdman Kompleksi, Tibb Mərkəzi və Muğam evi, Mingəçevir şəhərində Kür Olimpiya Tədris-İdman Mərkəzi və Şahmat Məktəbi, ölkənin müxtəlif bölgələrində ümumi sahəsi 1,8 milyon kvadrat metr olan yeni yaşayış evləri, 17273 şagird yerlik ümumtəhsil məktəbi, 886 çarpayılıq xəstəxana, növbədə 685 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 1270 yerlik məktəbəqədər uşaq müəssisəsi, 1055 yerlik klub və digər obyektlər istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 50,8 faizini müəssisə və təşkilatların vəsaitləri, 32,8 faizini büdcə vəsaiti, 4,2 faizini əhalinin xüsusi vəsaiti və 12,2 faizini digər vəsaitlər təşkil etmişdir.