İdxal - ixrac əməliyyatları haqqında

18.01.2011

2010-cu ilin on bir ayı ərzində Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 145 ölkəsindəki tərəfdaşları ilə 25,1 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparmışlar. Xarici ticarət dövriyyəsinin 19,4 milyard dollarını və ya 77,3 faizini Azərbaycandan ixrac olunmuş mallar, 5,7 milyard dollarını (22,7 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. 2009-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 34,9 faiz, o cümlədən ixrac 47,4 faiz, idxal 4,8 faiz artmışdır. Hesabat dövründə ixracın idxalı 3,4 dəfə üstələməsi nəticəsində 13,7 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır. Xarici ticarət əməliyyatlarının dörddə üç hissəsi İtaliya, Fransa, İsrail, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Çin, Xorvatiya, İndoneziya, Malayziya və Almaniya dövlətləri ilə aparılmışdır.