Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2010-cu ilin dekabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2010-cu ilin dekabr ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayı ilə müqayisədə 1,4 faiz bahalaşmışdır. Ay ərzində ərzaq məhsullarının qiymətləri 2,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,9 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,2 faiz bahalaşmışdır. Ötən ay ərzaq məhsullarından buğda ununun, manna yarmasının, çörək məhsullarının, makaron məmulatlarının, qoyun ətinin, toyuq və toyuq budunun, təzə balığın, südün, xamanın, pendirin, yumurtanın, kərə yağının, bitki yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, şabalıdın, kələmin, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun qiymətləri bahalaşmışdır. Eyni zamanda ay ərzində bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur ki, bu əsasən qarabaşaq yarmasının, sümüklü mal ətinin, naringinin, göyərtinin, çuğundurun, kökün qiymətlərində qeydə alınmışdır. Qış mövsümü ilə əlaqədar olaraq geyim və ayaqqabıların qiymətlərində müşahidə olunan bahalaşma davam etmişdir. Bundan əlavə ay ərzində inşaat materiallarından nitro və yağlı boyaların, divar üçün kağızların, pəncərə şüşəsinin, kəsilmiş taxtaların, ağac lifli lövhələrin, mebellərdən mətbəx üçün mebelin, yataq və qonaq otaqları üçün mebel dəstinin, yumşaq mebel dəstinin, məişət avadanlıqlarından qızdırıcıların, paltaryuyan maşınların, qaz plitəsinin, kondisionerlərin qiymətləri bahalaşmışdır. Bahalaşma ilə yanaşı dekabr ayında ipək parçaların, kişi üçün qısaqol köynəklərin, maykalar və futbolkaların, qadın üçün yay yubkasının, dəridən plaşın, yay şalvarının, inşaat materiallarından sulu boyaların, ağac yonqar lövhələrin, kərpicin, sementin, laminat parketin qiymətləri ucuzlaşmışdır. Dekabr ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma və MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunmuşdur.