Dövlət Statistika Komitəsinin məlumatı

18.02.2011

Kütləvi informasiya vasitələrində dövlət qulluqçularının etik davranış qaydalarının pozulması haqqında son günlər yayılan məlumatda Dövlət Statistika Komitəsinin də adı hallanır, belə ki, guya dövlət qulluqçusunun etik davranış qaydalarını pozduqlarına görə 23 nəfər barəsində intizam tədbiri görülüb. Bununla əlaqədar, Komitə aşağıdakıları bildirir: 2010-cu ildə hesabat və icracılıq intizamı sahəsində yol verdikləri nöqsanlara görə (hesabatları səhvlərlə, yaxud gecikmələrlə təqdim etdiklərinə görə) yerli statistika orqanlarının 23 işçisi haqqında müxtəlif intizam tədbirləri görülmüş, onlardan 15 işçiyə töhmət verilmiş, 5 nəfər rəhbər işçinin əmək haqqı müxtəlif müddətlərə 30 faiz azaldılmış, 3 nəfərin fəaliyyəti kollegiyada geniş müzakirə edilərək işlərində yol verdikləri nöqsanlara görə vəzifələrindən azad olunmuşlar. Hesabatların təqdim olunmasında və icraçılıq intizamı sahəsində nöqsanlara yol verən işçilər haqqında intizam tədbirlərinin həyata keçirilməsi gələcəkdə də davam etdiriləcəkdir.