Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Azərbaycanda demoqrafik vəziyyət
2011-ci il aprel ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı ilin əvvəlindən 25,6 min nəfər və yaxud 0,3 faiz artaraq 9136,7 min nəfərə çatmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 106 nəfər olmuşdur. Əhalinin 53 faizi şəhər, 47 faizi kənd yerlərində yaşayır. Ölkə əhalisinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar, 31,4 faizini gənclər təşkil edir. Cari ildə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş təşkil edir. 2011-ci ilin yanvar-mart aylarında Azərbaycanda 39,0 min, gündə təxminən 434 körpə doğulmuş, onların 53,8 faizi oğlanlar, 46,2 faizi isə qızlardır. Doğulan uşaqların 408-i əkiz, 3-ü üçəmdir. Hazırda ölkədə əhalinin təkrar istehsalı təmin olunur və uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömrü boyu orta hesabla 2,3 doğulmuş uşaq düşür. İlin əvvəlindən rəsmi dövlət orqanları tərəfindən ölkədə 15,7 min nikah və 2,3 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2010-cu ilin birinci rübünə nisbətən nikahların sayı 6,7-dən 7,1-ə qədər, boşanmaların sayı isə 0,9-dan 1,0-a qədər artmışdır. 2011-ci ilin üç ayı ərzində Daxili İşlər Nazirliyinin müvafiq orqanları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 0,5 min nəfər gələn və 0,1 min nəfər ölkədən gedən qeydə alınmışdır.