Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2011-ci ilin mart ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2011-ci ilin mart ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1 faiz bahalaşmışdır. Ay ərzində ərzaq məhsullarının qiymətləri 1,8 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,3 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə 0,2 faiz ucuzlaşmışdır. Ötən ay ərzaq məhsullarından buğda ununun, manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, təzə balığın, pasterizə və sterilizə olunmuş üzlü südün, xamanın, kərə yağının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, şabalıdın, kələmin, göyərtinin, çuğundurun, kökün, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun qiyməti bahalaşmışdır. Eyni zamanda ay ərzində bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunmuşdur ki, bu əsasən qarabaşaq yarmasının, çörəyin, toyuq və toyuq budunun, pasterizə olunmamış üzlü südün, yağlı kəsmiyin, yumurtanın qiymətlərində qeydə alınmışdır. Bahar mövsümünün gəlişi ilə əlaqədar qeyri-ərzaq mallarından geyim və ayaqqabıların qiymətlərində ucuzlaşma müşahidə olunmuşdur. Bundan əlavə inşaat materiallarından pəncərə şüşəsinin, kəsilmiş taxtaların, sementin, məişət avadanlıqlarından paltaryuyan maşınların, qaz plitəsinin, qızdırıcıların, tozsoranların qiymətləri ucuzlaşmışdır. Ucuzlaşma ilə yanaşı ay ərzində inşaat materiallarından nitro və sulu boyaların, divar üçün kağızların, parket üçün lakın, ağac yonqar və lifli lövhələrin, mebellərdən mətbəx üçün masa və kətilin, qonaq və yemək otaqları üçün mebel dəstinin qiymətləri bahalaşmışdır. Mart ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB ölkələrinə hava sərnişindaşıma tariflərində, MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunmuşdur.