2011-ci ilin birinci rübündə ölkənin iqtisadi və sosial inkışafının makroiqtisadi göstəriciləri

15.04.2011

2011-ci ilin birinci rübündə ölkənin iqtisadi və sosial sahələrindəki vəziyyəti əks etdirən makroiqtisadi göstəricilər ölkə iqtisadiyyatının dinamik inkişafını, əhalinin həyat səviyyəsinin yüksəlməsini təmin edən gəlirlərin və əmək haqqının artdığını əyanı surətdə nümayiş etdirir.
       Ümumi daxili məhsul istehsalı 1.6 faiz artaraq 10.4 milyard manata çatmış, əlavə dəyərin 5.8 milyard manatı və ya 55.7 faizi sənaye sahələrində, 555.3 milyon manatı (5.3 faizi) tikintidə, 770.6 milyon manatı (7.4 faizi) nəqliyyatda, 277.5 milyon manatı (2.7 faizi) kənd təsərrüfatında, 958.2 milyon manatı (9.2 faizi) ticarət və pullu xidmət sahələrində, 194.1 milyon manatı (1.9 faizi) rabitədə, 1193.4 milyon manatı (11.4 faizi) digər sahələrdə istehsal olunmuş, 664.2 milyon manatını, yaxud 6.4 faizini məhsula və idxala vergilər təşkil etmişdir.
       Orta hesabla ölkənin hər bir sakini üzrə ÜDM istehsalı 0.3 faiz artaraq 1157.4 manata və ya 1455.1 ABŞ dollarına bərabər olmuşdur.
       Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 5.6 faiz artmış, neft sektorunda isə 1.9 faiz azalmışdır.
       Əlavə dəyərin yarıdan çoxu yaradılan sənaye sahələrində, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 7.5 milyard manatlıq məhsul istehsal olunmuş və 2010-cu ilin birinci rübü ilə müqayisədə 0.3 faiz artmışdır.
       Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9.8 faiz artaraq sənaye məhsulunun 20.6 faizini təşkil etmiş, neft-qaz sektorunda isə məhsul istehsalı 2.2 faiz azalmışdır.
       Sənaye məhsulunun 5.5 milyard manatlığı və ya 74.0 faizi mədənçıxarma bölməsində, 1.4 milyard manatlığı, yaxud 19.3 faizi emal bölməsində, 454.3 milyon manatlığı və ya 6.1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 44.2 milyon manatı, yaxud 0.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.
       Mədənçıxarma bölməsində ötən illə müqayisədə məhsul istehsalı 1.3 faiz azalmışdır. Birinci rübdə 12.0 milyon ton neft, 6.3 milyard kub metr qaz hasil olunmuşdur.
       Emal bölməsində məhsul istehsalı 3.4 faiz artmış, bölmənin məhsullarından qida məhsulları istehsalı 8.2 faiz, içki istehsalı 11.3 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 15.8 faiz, geyim istehsalı 67.7 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalı 80.8 faiz, ağac emalı və ağacdan məmulatlar istehsalı 50.4 faiz, kağız və karton istehsalı 35.3 faiz, kimya sənayesi məhsulları istehsalı 54.2 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 2.1 dəfə, elektrik avadanlıqları istehsalı 2.4 dəfə, maşın və avadanlıqların istehsalı 5.6 faiz, avtomobil və qoşquların istehsalı 2.5 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 11.5 faiz artmışdır.
       Elektrik enejisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsulu istehsalı 8.4 faiz artmış, 5.4 milyard kVt.s elektrik enerjisi istehsal edilmişdir.
       Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 4.3 faiz artmışdır.
       İstehsal olunmuş sənaye məhsulunun 99.8 faizi istehlakçılara göndərilmiş, bununla belə, müəssisələrin anbarlarında 226.2 milyon manatlıq hazır məhsul qalmışdır.
       Aqrar sahədə yaz-tarla işləri sürətlə aparılır və aprel ayının 1-nə kimi 110.6 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 8.4 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 1.5 min hektar sahədə dən üçün qarğıdalı, 29.4 min hektar sahədə kartof, 24.8 min hektar sahədə tərəvəz, 842 hektar sahədə pambıq, 4.4 min hektar sahədə bostan bitkiləri, 1.7 min hektar sahədə dən üçün günəbaxan, 1.5 min hektar sahədə şəkər çuğunduru, 37.3 min hektar sahədə çoxillik otlar əkilmişdir.
       Heyvandarlıq sahəsində həm mal-qaranın baş sayı və həm də məhsul istehsalı dinamik olaraq artır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə birinci rübdə iri buynuzlu mal-qaranın baş sayı 1.2 faiz çoxalaraq 2650.0 min, qoyun və keçilərin sayı 0.5 faiz artaraq 8641.5 min başa çatmışdır. Bu dövrdə diri çəkidə ət istehsalı 5.6 faiz artaraq 99.6 min ton, süd istehsalı 9.3 faiz artaraq 363.7 min ton, yumurta istehsalı 13.3 faiz azalaraq 258.3 milyon ədəd olmuşdur.
       İlin əvvəlindən tarlalardan 8.4 min ton və ya keçən ildəkindən 16.0 faiz çox tərəvəz toplanmışdır.
       Beləliklə, keçən ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5.3 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 6.6 faiz, heyvandarlıq məhsulları istehsalı 5.3 faiz artmışdır.
       Ölkədə inşaat işlərinin aparılması üçün rüb ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 1775.8 milyon manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 2.5 faiz çox vəsait yönəldilmişdir. Vəsaitin 876.9 milyon manatı, yaxud 49.4 faizi məhsul istehsalı obyektlərinin inşasında istifadə edilmişdir. Tikinti quraşdırma işlərinin aparılmasına sərf olunmuş investisiyanın həcmi 13.7 faiz azalaraq 1043.4 milyon manat təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 73.3 faizi daxili investisiyanın, 26.7 faizi xarici investisiyanın payına düşmüşdür.
       İlin əvvəlindən ümumi sahəsi 319.8 min kv.metr yaşayış evləri, 496 şagird yerlik ümumtəhsil məktəbləri, Gəncədə fiziki qüsurlu uşaqlar üçün Regional İnformasiya Mərkəzi, Samux rayonunda Meyvə qurudulması və emalı müəssisəsi, Göyçay rayonunda meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbar, Tovuz rayonunda Süd emalı zavodu və Olimpiya İdman Kompleksi, Abşeron rayonunda Mebel fabriki və AZMDF zavodu, Naftalan şəhərində "Çinar Hotel" kompleksi və "Qaşaltı" Sanatoriyası tikilib istifadəyə verilmiş, Qazax-Gürcüstan Dövlət sərhəddi avtomobil yolunun, Kürdəmir-Ucar avtomobil yolunun və Tovuz-Böyük Qışlaq - Qaralar avtomobil yolunun yenidən qurulması başa çatdırılmışdır.
       Avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslərin işi də nəzərə alınmaqla nəqliyyat müəssisələri 45.8 milyon ton yük və 332.0 milyon nəfər sərnişin daşımış, keçən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınmasını 5.6 faiz, sərnişin daşınmasını 6.2 faiz artırmışlar.
       Beynəlxalq Avrasiya dəhlizi ilə yanvar-fevral aylarında 8.9 milyon ton yük daşınmışdır. Bu sahədə fəaliyyət göstərən nəqliyyat müəssisələri yük və sərnişin daşımalarından 68.9 milyon manat gəlir əldə etmişlər.
       İnformasiya və rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 287.4 milyon manatlıq, yaxud 2010-cu ilin birinci rübündəkindən 23.5 faiz çox xidmət göstərmişlər. Payına xidmətlərin 77.9 faizi düşən qeyri-dövlət bölməsində görülmüş işlərin həcmi 21.4 faiz artmışdır.
       Yanvar-mart ayları ərzində əhaliyə ticarət və xidmət şəbəkəsindən 3.8 milyard manatlıq istehlak malları satılmış və 1.2 milyard manatlıq pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 9.2 faiz, pullu xidmətlərin həcmi isə 10.2 faiz artmışdır. Əhaliyə realizə olunmuş istehlak mallarının 63.3 faizini ərzaq məhsulları, 36.7 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satış həcmi müvafiq olaraq 3.3 və 24.8 faiz çoxalmışdır.
       2011-ci ilin birinci rübündə ölkənin hər bir sakininin gəlirləri orta hesabla 721.5 manata çataraq 15.3 faiz artmışdır. Gəlirlərin 69.9 faizi son istehlaka, 8.1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20.6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
       Rüb ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 11.7 faiz artaraq 339.6 manata çatmışdır. Fevral ayında sənaye sahələrində çalışanların əmək haqqı 482.0 manat, tikinti kompleksində 510.3 manat, nəqliyyatda 414.6 manat olmuşdur.
       İstehsal sahələrinin inkişafı, əhalinin həyat səviyyəsinin yüksəlməsi ölkəmizin xarici dövlətlərlə iqtisadi, o cümlədən ticarət əlaqələrinin genişlənməsinə şərait yaradır. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən 2011-ci ilin ilk iki ayı ərzində ölkənin xarici ticarət dövriyyəsi 4717.1 milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 9.9 faiz artmışdır.
       Əmtəə mübadiləsinin 83.3 faizi və ya 3927.4 milyon dolları uzaq xarici ölkələrlə aparılaraq müqayisəli qiymətlərlə 4.2 faiz artmış, MDB üzvü dövlətləri ilə iki ay ərzində 789.7 milyon dollarlıq və ya müqayisəli qiymətlərlə 51.4 faiz çox ticarət əməliyyatları aparılmışdır.
       Əmtəə dövriyyəsinin 3389.6 milyon dollarını, yaxud 71.9 faizini ölkəmizdən ixrac olunmuş məhsullar təşkil edərək keçən ilin yanvar-fevral ayları ilə müqayisədə sabit qiymətlərlə 3.8 faiz artmışdır. İxrac olunmuş malların 88.9 faizi və ya 3012.9 milyon dollarlığı uzaq xarici ölkələrə, 376.7 milyon dollarlığı isə MDB üzvü dövlətlərinə göndərilmiş və müvafiq olaraq 0.6 və 37.0 faiz artmışdır.
       Ölkəmizə idxal olunmuş malların dəyəri keçən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 85.0 faiz artaraq 1327.5 milyon dollar təşkil etmişdir. Uzaq xarici ölkələrdən daxil olmuş malların həcmi 92.7 faiz, MDB üzvü dövlətlərindən isə 69.5 faiz artaraq müvafiq olaraq 914.5 və 413.0 milyon dollar olmuşdur.
       İki ay ərzində 2062.1 milyon dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 2098.4 milyon dollarlıq müsbət, MDB üzvü dövlətləri ilə 36.3 milyon dollarlıq mənfi saldo yaranmışdır.
       Yanvar-fevral aylarında ölkəmizə 3.4 milyon dollar həcmində humanitar və texniki yardım daxil olmuşdur.
       İstehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayında əvvəlki ayla müqayisədə 1.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.8 faiz, xidmət tarifləri 0.3 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri 0.2 faiz ucuzlamışdır. 2010-cu ilin birinci rübünə nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 9.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13.4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2.8 faiz, xidmət tarifləri 3.1 faiz bahalaşmışdır.
       Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-fevral aylarında dövlət büdcəsinə 1829.3 milyon manat daxil olmuş, büdcədən 1186.4 milyon manat vəsait xərclənmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 642.9 milyon manatlıq profisit ümumi daxili məhsulun 9.6 faizini təşkil etmişdir.
        Büdcə xərclərinin 339.0 milyon manatı və ya 28.6 faizi iqtisadiyyatın inkişafına, 254.9 milyon manatı (21.5 faizi) sosial müdafiə və sosial təminata, 172.4 milyon manatı (14.5 faizi) təhsilə və səhiyyəyə yönəldilmişdir.
       Əhalinin banklara qoyduqları əmanətlərin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 29.7 faiz artaraq mart ayının 1-nə 3.1 milyard manata çatmışdır. Milli valyuta ilə vəsait qoyuluşu 44.5 faiz, xarici valyuta ilə isə 18.8 faiz artaraq müvafiq olaraq 1.5 milyard və 1.6 milyard manat olmuşdur.
       Verilmiş kreditlərin məbləği 2010-cu ilin iki ayı ilə müqayisədə 9.7 faiz artaraq 9.2 milyard manat təşkil etmişdir. Kreditlərin 72.7 faizi uzun müddətə verilmiş, 5.6 faizinin ödəmə vaxtı keçmişdir.
       Mart ayında 1 ABŞ dolları 0.79 manata, 1 Avro 1.11 manata, 100 Rusiya rublu 2.79 manata, yanvar-mart aylarında isə müvafiq olaraq 0.80, 1.09 və 2.72 manata bərabər olmuşdur.