2011-ci ilin aprel ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

03.05.2011


2011-ci ilin aprel ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3 faiz ucuzlaşmışdır. Ay ərzində ərzaq məhsullarının qiymətləri 0,7 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1 faiz bahalaşmışdır.
Ötən ay ərzaq məhsullarından düyünün, qarabaşaq yarmasının, çörəyin, toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin, bananın, armudun, göyərtinin, xiyarın, pomidorun, çuğundurun, sarımsağın, soğanın, kartofun qiyməti ucuzlaşmışdır. Eyni zamanda ay ərzində ucuzlaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunmuşdur ki, bu əsasən manna yarmasının, mal və qoyun ətinin, toyuq budunun, pasterizə və sterilizə olunmuş üzlü südün, xamanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, heyvanın, narın, şabalıdın, kələmin, kökün qiymətlərində qeydə alınmışdır.
Aprel ayında qeyri-ərzaq mallarından yağlı boyaların, parket üçün lakın, pəncərə şüşəsinin, kəsilmiş taxtaların, ağac yonqar və lifli lövhələrin, parket və laminat parketin, kərpicin, mətbəx, yataq və qonaq otaqları üçün mebel dəstləri mallarının qiymətlərində bahalaşma, isti geyim və ayaqqabıların, nitro və sulu boyaların, sementin, soyuducuların, paltaryuyan maşınların, qaz plitəsinin, kondisionerlərin, tozsoranların qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur.
Əhaliyə göstərilən pullu xidmətlərdən ötən ayda beynəlxalq və MDB ölkələrinə hava sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunmuşdur.