2011-ci ilin yanvar-aprel aylarında sənayenin işi haqqında

17.05.2011

2011-ci ilin yanvar-aprel aylarında sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 9,8 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi 10,7 faiz artmışdır. Sənaye məhsulunun 75,4 faizi mədənçıxarma bölməsində, 17,9 faizi emal bölməsində, 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Dörd ay ərzində neft hasilatı 15,9 milyon ton, təbii qaz hasilatı isə 8,4 milyard kub-metr təşkil etmiş, qeyri-neft bölməsinin məhsullarından qiymətli metalların, qida məhsullarının, kimya sənayesi məhsullarının, elektrik enerjisinin, avtomobillərin, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında daha çox artım müşahidə olunmuşdur. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 79,0 faizini təşkil etmiş, ümumi istehsalın 91,5 faizi sənaye mallarının (əmtəələrin), 8,5 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır. Müəssisələr istehsal etdikləri məhsulların böyük əksəriyyətini yerli və xarici istehlakçılara göndərmişlər.