Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsində keçirilmiş Qlobal Qiymətləndirmənin nəticələri haqqında
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında siyasi və iqtisadi münasibətlərin intensivləşməsi, Avropa qonşuluq siyasəti sahəsində əldə olunmuş nailiyyətlər Azərbaycan statistikasının Avropa standartlarına, xüsusilə Avropa Statistika Sisteminə tam uyğunlaşdırılmasını zəruri edir. Məhz bu amil Azərbaycanda Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsini (QQ) şərtləndirmişdir.
Qlobal Qiymətləndirmə nədir? Bu termin ilk dəfə 2001-ci ildə Avropa İttifaqının Statistika Bürosunda (Avrostat) yaradılıb və o vaxtdan bəri bir çox ölkələrin statistika xidmətlərində, o cümlədən MDB ölkələrindən Rusiya, Ukrayna, Belarus və Qazaxıstanda belə statistik auditlər keçirilmişdir.
Məlum olduğu kimi, statistika vasitəsilə iqtisadi, sosial və həyatımızda baş verən bir çox digər proses və hadisələr qiymətləndirilir. Bəs statistikanın özünü necə qiymətləndirmək olar? Müasir milli rəsmi statistika sistemi necə olmalıdır? Bu suallara cavabı statistika sisteminin Qlobal Qiymətləndirilməsi verir.
Rəsmi statistika ölkədəki informasiya sisteminin mühüm hissəsidir və informasiya məkanının formalaşdırılmasında fəal iştirak etməklə iqtisadiyyat, sosial həyat, demoqrafiya, ekologiya sahəsində yayımlanan məlumatlarla ictimai rəyə ciddi təsir göstərir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra statistikanın islahatı və inkişafına xüsusi diqqət yetirilmiş, 1993-cü ildən başlayaraq rəsmi statistikanın islahatı və təkmilləşdirilməsi ilə bağlı dörd 5 illik Dövlət Proqramı qəbul edilmişdir.
Əldə olunmuş nailiyyətləri qiymətləndirmək, çatışmazlıqları aşkar etmək və inkişaf istiqamətlərini müəyyənləşdirmək məqsədilə, 3 beynəlxalq təşkilat - BMT-nin Avropa İqtisadi Komissiyası (AİK), Avropa İttifaqının Statistika Bürosu (Avrostat) və Avropanın Azad Ticarət Assosiasiyası (EFTA) tərəfindən 2010-cu ildə Azərbaycan Respublikasının Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi (QQ) həyata keçirilmişdir. Qlobal Qiymətləndirmənin əsas prinsipinin könüllülük olduğunu nəzərə alaraq QQ-nin Azərbaycanda keçirilməsi üçün Dövlət Statistika Komitəsi BMT-nin Avropa İqtisadi Komissiyasına və Avrostata rəsmi müraciət etmişdir.
Qlobal Qiymətləndirmə BMT-nin AİK, Avrostat, Çexiya, Avstriya və Norveçin statistika təşkilatlarının 6 eksperti tərəfindən 2 missiya zamanı həyata keçirilmişdir. Ekspertlər Avropa İttifaqının, BMT-nin Uşaq Fondunun (UNİCEF), Dünya Bankının Azərbaycanda olan nümayəndələri, Azərbaycan Dövlət İqtisad Universitetinin, AMEA İqtisadiyyat İnstitutunun, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, 18 nazirlik, komitə və bankın, 5 kütləvi informasiya vasitəsinin, 4 yerli statistika orqanının nümayəndələri və Statistika Şurasının üzvləri ilə müzakirələr aparmış, ümumilikdə 79, o cümlədən Dövlət Statistika Komitəsinin 31 işçisi ilə görüşlər keçirmişlər.
Qlobal Qiymətləndirmənin məqsədi - ölkənin rəsmi statistika sisteminin inkişaf səviyyəsinə dair dəqiq məlumat əldə etmək, kənardan baxışla mövcud nöqsan və çatışmazlıqları aşkar edib onların aradan qaldırılmasında ölkəyə yardım etmək, Azərbaycanın statistika sisteminin BMT-nin "Rəsmi statistikanın əsas prinsipləri", Avropa Statistikasının Normalar Məcəlləsi kimi Avropa standartlarına uyğunluq səviyyəsini müəyyənləşdirmək, Dövlətstatkomda aparılan islahatlara dəstək vermək və Azərbaycanın statistika sistemini beynəlxalq standartlara, tövsiyələrə və ən yaxşı təcrübələrə uyğunlaşdırmaq, eləcə də ölkənin statistika sahəsindəki inzibati potensialını, Dövlətstatkomun institusional aspektlərini, texniki və təşkilati potensialını qiymətləndirməkdən ibarət olmuşdur.
Qiymətləndirmənin yekunu 390 maddədə öz əksini tapmış, onlardan 319-u (81,8%) müsbət işlərə və Dövlətstatkomun gördüyü işlərin şərhinə, 17-si (4,4%) müsbət işlərlə yanaşı, həmin sahələrdə olan çatışmazlıqlara, 7-si (1,8%) nöqsanlara, 47-si (12,0%) tövsiyələrə həsr olunmuşdur.
Hesabatın azərbaycan dilində mətni ilə Dövlət Statistika Komitəsinin www.azstat.org rəsmi internet səhifələrində tanış olmaq olar.