Dövlət Statistika Komitəsində keçirilmiş "Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə" elmi simpoziumu haqqında

30.06.2011


İyun ayının 30-da Dövlət Statistika Komitəsində "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü " haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli 1293 saylı sərəncamı ilə bağlı tədbirlər planına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən "Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə" elmi simpoziumu keçirilmişdir. Simpoziumda Təhsil Nazirliyini, Dövlət Statistika Komitəsini və Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edən müxbir üzvlər, akademiklər, professorlar, elmi işçilər, təhsil və statistika sahəsində mütəxəssislər iştirak etmişlər. Simpoziuma Prezident Administrasiyasından, Nazirlər Kabinetindən, İqtisadi İnkişaf Nazirliyindən, Vergilər Nazirliyindən, Maliyyə Nazirliyindən, Səhiyyə Nazirliyindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, Gömrük Komitəsindən, Dövlət Sosial Müdafiə Fondundan, Mərkəzi Bankdan nümayəndələr də dəvət edilmişdir.
Simpoziumu giriş sözü ilə Dövlət Statistika Komitəsinin sədri cənab A. Vəliyev açmışdır. Təhsil naziri cənab M.Mərdanov müstəqillik illərində təhsilin inkişafı, AMEA-nın birinci vitse-prezidenti cənab A. Həşımov müstəqillik illərində elmin inkişafı, Dövlət Statistika Komitəsinin sədri cənab A. Vəliyev müstəqillik illərində Azərbaycanın sosial, iqtisadi inkişafı və Naxçıvan MR Dövlət Statistika Komitəsinin sədri cənab B.İsmayılov müstəqillik illərində Naxçıvanın sosial, iqtisadi inkişafı haqqında məruzə ilə çıxış etmişlər.
Sonra məruzələr ətrafında diskussiyalar və müzakirələr aparılmışdır.
Komitənin foyesində Dövlət Statistika Komitəsi və Naxçıvan MR Dövlət Statistika Komitəsi tərəfindən nəşr edilən kitabların sərgisi və müstəqillik illərində Azərbaycanın və Naxçıvanın sosial, iqtisadi inkişafını əks etdirən plakatlar da nümayiş etdirilmişdir.