Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə
2011-ci il aprel ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1 352,0 min nəfər olmuş və onların 854.3 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 497,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 25,6 faizi təhsildə, 19,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 10,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 5,2 faizi tikintidə, 4,7 faizi nəqliyyatda və 22,2 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar. Muzdlu əsaslarla çalışan işçilərin 20,4 faizi məhsul istehsalı sahələrində cəmlənmişdir. Cari ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,5 faiz artaraq 348,6 manat təşkil etmişdir. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olmuşdur.