AZ    EN
logo

Dövlət Statistika Komitəsinin kollegiyası haqqında

  • Dövlət Statistika Komitəsinin kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında əsasnaməyə" uyğun təşkil edilmişdir.
  • Kollegiya Dövlət Statistika Komitəsinin sədrindən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədrindən, Dövlətstatkomun aparatının və tabeliyində olan qurumların rəhbər işçilərindən ibarətdir. Dövlətstatkomun kollegiya üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
  • Kollegiya iclaslarının planlaşdırılması, hazırlanması, aparılması qaydaları və onların qəbul etdiyi qərarların icrasına nəzarət Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi haqqında Əsasnaməyə və Dövlət Statistika Komitəsinin Reqlamentinə uyğun olaraq həyata keçirilir.
  • Dövlətstatkomun kollegiyası öz iclaslarında Dövlətstatkomun fəaliyyəti ilə bağlı, ona həvalə olunmuş tapşırıqların yerinə yetirilməsi, ölkədə statistikanın təşkili və inkişafı ilə əlaqədar məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir. Zəruri hallarda kollegiya iclaslarında iştirak etmək üçün müzakirə edilən məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, müəssisələrin, təşkilatların və idarələrin nümayəndələri, alimlər və mütəxəssislər dəvət oluna bilər.
  • Kollegiya iclasları ayda bir dəfədən az olmayaraq keçirilir.
  • Dövlətstatkomun kollegiya iclaslarının planları rübdə bir dəfə struktur bölmələrin və tabelikdə olan qurumların rəhbərlərinin təklifləri əsasında tərtib olunur. Kollegiya iclaslarının planında iclasların keçirilməsi tarixləri, gündəliyə daxil edilən məsələlər və məsələlərin hazırlanıb müzakirəyə təqdim olunmasına cavabdeh şəxslərin adları göstərilir. Zəruri hallarda kollegiya iclaslarının planlarında nəzərdə tutulmayan məsələlər Komitə sədrinin təklifi, Aparatın şöbələrinin və Komitənin tabeliyində olan qurumların rəhbərlərinin və sədrin müvafiq sahəyə rəhbərlik edən müavinlərinin, Aparatın rəhbərinin təqdimatı əsasında Komitə sədrinin razılığı ilə kollegiyanın müzakirəsinə çıxarıla bilər.
  • Kollegiya iclaslarının gündəliyinə daxil edilmiş məsələlərə dair aydın və dəqiq tərtib olunmuş qərar layihələri (zəruri hallarda məsələ ilə bağlı tədbirlər planı da əlavə edilməklə) müzakirəyə çıxarılmış məsələlərə cavabdeh struktur bölmələrin və tabelikdə olan qurumların rəhbərləri tərəfindən hazırlanır, sədrin onlara rəhbərlik edən müavini ilə razılaşdırılaraq, iclasa ən azı 3 iş günü qalmış kollegiyanın katibinə təqdim edilir. Kollegiyanın katibi təqdim olunan qərar layihələrinin və digər materialların kollegiya iclaslarının müzakirəsinə vaxtında və keyfiyyətli hazırlanmasını təmin edir.
  • Təqdim olunan qərar layihələrində və digər materiallarda müzakirə edilən məsələnin ətraflı təhlili əks etdirilməli və real vəziyyətə obyektiv qiymət verilməli, icraçılar qarşısında dəqiq ifadə olunmuş məqsəd və vəzifələr qoyulmalı, konkret icraçılar, habelə qərarın yerinə yetirilməsinin həvalə olunduğu struktur bölmələr, tabelikdə olan qurumlar və şəxslər, lazım gəldikdə icra, məlumat və hesabatların təqdim edilmə müddətləri göstərilməlidir. Qərar layihəsində tapşırıq verilən müvafiq şöbələrin rəhbərləri layihələrlə əvvəlcədən tanış edilirlər.
  • Dövlətstatkomun kollegiyasının müzakirəsinə çıxarılmış qərar layihəsi baxıldıqdan sonra müzakirələrdə irəli sürülən irad və təkliflər nəzərə alınmaqla yenidən işlənir və iclasdan ən geci 3 iş günü sonra kollegiya üzvləri ilə razılaşdırılaraq imzalanmaq üçün sədrə təqdim olunur. Təsdiq edilmiş qərarın (zəruri hallarda məsələ ilə bağlı tədbirlər planı da daxil olmaqla) surəti aidiyyəti struktur bölmələrə və tabelikdə olan qurumlara göndərilir. Dövlətstatkomun kollegiya iclaslarında ayrı-ayrı məsələlər üzrə protokol tapşırıqları verilə bilər və bu tapşırıqlar protokollardan çıxarışlar şəklində icraçılara çatdırılır.
  • Dövlətstatkomun kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, protokollarla rəsmiləşdirilir və Dövlətstatkomun sədri tərəfindən təsdiq edilir. Dövlətstatkomun kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olduqda, kollegiyanın sədrinin səsi həlledici hesab edilir. Dövlətstatkomun kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı halda Dövlətstatkomun sədri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək öz qərarını həyata keçirir. Dövlətstatkomun kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
  • İclaslar kollegiyanın katibi tərəfindən protokollaşdırılaraq kollegiyanın sədri və katibi tərəfindən imzalanır.
un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim