Dövlət Statistika Komitəsinin nümayəndəsi "Keyfiyyətli məşğulluğun ölçülməsi"nə dair görüşdə iştirak etmişdir.
BMT-nin Avropa İqtisadi Komissiyası, Beynəlxalq
Əmək Təşkilatı, Avrostat və Kanada Statistikası
tərəfindən təşkil edilmiş "Keyfiyyətli məşğulluğun
ölçülməsi"nə dair görüşün yekunları haqqında
2011-ci il oktyabrın 31-dən noyabr ayının 3-dək Cenevrə şəhərində BMT-nin qərargahında Avropa İqtisadi Komissiyası, Beynəlxalq Əmək Təşkilatı, Avrostat və Kanada Statistikası tərəfindən təşkil edilmiş "Keyfiyyətli məşğulluğun ölçülməsi"nə dair görüşdə Avropa İqtisadi Komissiyasına üzv və qeyri-üzv ölkələrdən ibarət 23 ölkənin (Azərbaycan, Kanada, Finlandiya, Fransa, Almaniya, İsrail, İtaliya, Litva, Lüksemburq, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Moldova, Rusiya Federasiyası, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, Türkiyə, Avstraliya, Meksika və Monqolustan) milli statistika idarəsinin, eyni zamanda Avrostat, Yaşayış və İş Şəraitinin Yaxşılaşdırılması üçün Avropa Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Qeyri-formal Məşğulluqda Qadınlar qeyri-dövlət təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, BMT-nin Ticarət və İnkişaf Konfransı və Avropa İqtisadi Komissiyasının nümayəndələri iştirak etmişdir.
Görüşün əsas məqsədi keyfiyyətli məşğulluq və layiqli əmək arasında qarşılıqlı əlaqələr, keyfiyyətli məşğulluğun göstəricilər sisteminə daxil olan 7 əsas indikatorun (bərabər məşğulluq və onun təhlükəsizliyi, məşğulluqdan əldə edilən gəlirlər, iş saatları, əmək mühafizəsi və sosial müdafiə, sosial dialoq, ixtisasartırma və treninqlər, iş yerlərində əlaqələr və işə həvəsləndirmə) ölkələrdə istifadəsi haqqında müzakirə aparmaq olmuşdur. Görüşdə Dövlət Statistika Komitəsinin nümayəndəsi, Əmək statistikası şöbəsi müdirinin müavini N.Xuduzadə "Azərbaycanda iş saatlarının ölçülməsi" mövzusunda təqdimatla çıxış etmişdir.
Görüşün sonunda keyfiyyətli məşğulluğun göstəricilər sisteminə daxil olan 7 əsas indikatorun təkmilləşdirilməsi və keyfiyyətli məşğulluğa dair konseptual sənədin yenidən işlənməsi məqsədi ilə ekspert qrupu yaradılmışdır. Görüşdə iştirak etmiş Dövlət Statistika Komitəsinin nümayəndəsi ekspert qrupuna üzv seçilmişdir.