BMT-nin Statistika Şöbəsinin xəbərlər bülletenində Azərbaycanda enerji statistikasının inkişafı ilə bağlı məqalə nəşr olunmuşdur.
BMT-nin Statistika Şöbəsinin 2011-ci ilin dekabr ayının 7/8 saylı xəbərlər bülletenində Azərbaycanda enerji statistikasının inkişafı ilə bağlı məqalə nəşr olunmuşdur. Dövlət Statistika Komitəsinin şöbə müdiri Yusifov Yusif tərəfindən hazırlanmış məqalədə Azərbaycanda enerji statistikasının təkmilləşdirilməsi, milli enerji balansının tərtibi sahəsində görülmüş işlər haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, "Enerji Statistikasına dair Beynəlxalq Tövsiyələr"in BMT-nin Statistika Komissiyası tərəfindən qəbul edilməsindən çıx qısa müddətdə Azərbaycan bu tövsiyələri tətbiq etmiş ilk ölkələrdən biri olmuşdur. Milli enerji strategiyalarının, enerji sektorunun dayanıqlı və dinamik inkişafının təmin olunması üçün beynəlxalq statistika standartlarına uyğun enerji statistikasının fundamental inkişafı zərurətə çevrilmişdir. Enerji statistikasının aparılması və təkmilləşdirilməsinə dövlətin prioriteti kimi baxılmış, "2008-2012-ci illərdə rəsmi statistikanın təkmilləşdirilməsinə dair" Dövlət Proqramında real sektor üzrə statistik müşahidələrin, göstəricilərin və onların metodologiyalarının təkmilləşdirilməsi üzrə nəzərdə tutulmuş 52 tədbirdən 6-sı bilavasitə enerji statistikasına aid edilmişdir. Bunların ölkədə enerji statistikasının inkişafı və gücləndirilməsi üçün ciddi əsas yaratdığı məqalədə öz əksini tapmışdır.
Bildirilir ki, Dövlət Statistika Komitəsi öz mütəxəssislərinin enerji statistikasına dair beynəlxalq tədbirlərdə aktiv iştirakına xüsusi əhəmiyyət verir, 2011-ci ilin sentyabr ayında Azərbaycan BMT-nin Statistika Şöbəsi tərəfindən MDB ölkələri üçün təşkil edilmiş Enerji statistikasına dair beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Təşkilatda 30-dan çox tədbiri əhatə edən qərar qəbul edilmiş, işçi qrup yaradılmış, balansın strukturu maraqlı tərəflərlə razılaşdırılmış, enerji məhsulları təsnifatının milli versiyası hazırlanmış, məhsulların istilik törətmə qabiliyyətləri müəyyənləşdirilmişdir.
Məqalənin xülasə hissəsində qarşıdakı vəzifələr göstərilir və Avrostat, Avropa Azad Ticarət Assosiasiyası və UNECE tərəfindən həyata keçirilmiş Azərbaycan Respublikası Milli Statistika Sisteminin 2010-cu ildə Qlobal Qiymətləndirilməsinin yekunlarından sitat verilir.
Məqalənin tam mətni ilə BMT-nin saytında tanış olmaq olar.
http://unstats.un.org/unsd/energy/newsletter/energy_newsletter_7e.pdf