Dövlət Statistika Komitəsi nümayəndələrinin FAO-nun "Kənd ərazilərinin inkişafında qadınlar və ailə üzrə İşçi Qrupu"nun 22-ci Ekspertlər İclası və 15-ci Sessiyasında iştirakı haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin nümayəndələri Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsi müdirinin müavini Rəşad Bayramov və Əhali və gender statistikası şöbəsinin baş məsləhətçisi Zəbihə Əsgər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Roma şəhərində 20-21 fevral 2012- ci il tarixlərində "Avropa və Orta Asiyada kişi və qadınların kənd yerlərində sosial-iqtisadi statusunun qiymətləndirilməsi" üzrə 22-ci Ekspertlər İclasında və 23 fevral 2012-ci il tarixində Kənd ərazilərinin inkişafında qadınlar və ailə üzrə İşçi qrupunun 15-ci Sessiyasında iştirak etmişlər.
"Avropa və Orta Asiyada kişi və qadınların kənd yerlərində sosial -iqtisadi statusunun qiymətləndirilməsi" üzrə 22-ci Ekspertlər İclasının keçirilməsində əsas məqsəd gender statistikasına dair məlumatların toplanması və yayılması, ölkələr üzrə kişi və qadınların kənd yerlərində sosial-iqtisadi statusunun qiymətləndirilməsi və kənd təsərrüfatı üzrə gender göstəricilər dəstinin ölkələr üzrə tətbiq edilməsi imkanları barədə müzakirələrin aparılmasından ibarət olmuşdur.
Kənd ərazilərinin inkişafında qadınlar və ailə üzrə İşçi Qrupunun 15-ci Sessiyasında isə qrupun fəaliyyəti, maliyyə məsələləri, gələcəkdə görülməsi zəruri olan tədbirlər, milli gender şəbəkəsinin yaradılması və ölkələrdə kənd təsərrüfatında gender məsələləri üzrə milli koordinatorların təyin olunması barədə məsələlər müzakirə edildi.
Sessiyanın sonunda 2012-ci il 17-20 aprel tarixində Bakı şəhərində keçirilməsi nəzərdə tutulan FAO-nun Avropa üzrə regional seminarında müzakirə ediləcək məsələlərlə əlaqədar Katiblik tərəfindən tövsiyə xarakterli sənədlərin hazırlanması barədə qərar qəbul edildi və iştirakçılara sertifikatlar təqdim edildi.