Dövlət Statistika Komitəsi nümayəndəsinin BMT-nin Statistika Komissiyasının 43-cü sessiyasında iştirakı haqqında
28 fevral-02 mart 2012-ci ildə BMT-nin Statistika Komissiyasının Nyu York şəhərində 43-cü sessiyası keçirilmiş, bu tədbirdə Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Y.Yusifov iştirak etmişdir.
Sessiyada əhali və yaşayış fondunun siyahıyaalınması; cinayətkarlıq statistikası; milli hesablar; kənd təsərrüfatı statistikası; ekoloji-iqtisadi hesablar; ətraf mühit statistikası; enerji statistikası; iqtisadiyyatı təbii ehtiyyatlarla sıx bağlı olan ölkələr üzrə statistika; informasiya və kommunikasiya texnologiyaları statistikası; keyfiyyətin təmin olunmasının baza prinsipləri; rəsmi statistikanın əsas prinsiplərinin həyata keçirilməsi; BMT-nin statistika fəaliyyətinin əlaqələndirilməsi; statistikanın inkişafı sahəsində fəaliyyət planlarının işlənilməsinin gücləndirilməsi; insan potensialının inkişafı statistikası; Avropada regional səviyyədə statistikanın inkişafı haqqında məsələlər müzakirə olunmuşdur.
BMT-nin Statistika Şöbəsi tədbirin enerji statistikası ilə bağlı hissəsi üzrə təşkil etdiyi əlavə tədbirə məruzəçi kimi Beynəlxalq Enerji Agentliyi, Beynəlxalq Enerji Forumu və Norveç Statistika Təşkilatı ilə yanaşı Dövlət Statistika Komitəsini də dəvət etmişdir. Komitənin nümayəndəsi Azərbaycanda neft və təbii qazın hasilatı tarixi, təbii qazın rolu və perspektiv siyasəti, məlumatların dinamikası, təbii qaz statistikasının təşkili, təbii qaz balansı, balans üzrə məlumatların dövrilik üzrə mövcudluğu, yeni çağırışlar və s. məsələləri əhatə etməklə tədimatla çıxış etmişdir (təqdimatla BMT-nin saytında tanış olmaq olar
(http://unstats.un.org/unsd/statcom/statcom_2012/seminars/Natural_gas/default.html).