AZ    EN
logo

Dövlət Statistika Komitəsi nümayəndələrinin MHS-2008-in yeniləşdirilmiş müddəalarının statistik təcrübəyə tətbiqi planlarına dair Moskvada keçirilmiş müşavirədə iştirakı haqqında

19.04.2012

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri N.Süleymanov və Sənaye və tikinti statistikası şöbəsinin müdiri A. Abbasəliyev 9-10 aprel 2012-ci il tarixlərində MHS-2008-in yeniləşdirilmiş müddəalarının statistik təcrübəyə tətbiqi planlarına dair Moskvada keçirilmiş müşavirədə iştirak etmişlər.
İclasda aparılmış müzakirələrin əsasını Azərbaycan, Belarus, Moldova və MDB Statistika Komitəsi mütəxəssislərinin MHS-93 və MHS-2008-in tətbiqi istiqamətində görülmüş işlərin cari vəsiyyəti və nəzərdə tutulmuş tədbirlər barədə məruzələri, eyni zamanda Qazaxıstan, Qırğızıstan, Rusiya və Ukrayna nümayəndələrinin bu mövzuya dair məlumatları təşkil etmişdir. Müşavirədə çıxış edən nümayəndələrimiz Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Milli hesablar statistikası göstəricilərinin daha da təkmilləşdirilməsi, MHS-2008-in tətbiqi sahəsində aparılan işlər, həmçinin "şəxsi ev sahiblərinin şərti qiymətləndirilən xidmətləri" göstəricisinin hesablanması üsulları üzrə ətraflı məlumat vermişlər.
İclasa sədrlik edən, MDB Statistika Komitəsi sədrinin müavini vəzifəsini müvəqqəti icra edən cənab A.Kosarev Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Milli hesablar statistikası göstəricilərinin təkmilləşdirilməsi sahəsində son illər ərzində görülmüş işləri təqdirəlayiq hesab etmiş və şəxsi ev sahiblərinin şərti qiymətləndirilən xidmətlər buraxılışının hesablanmasına dair Azərbaycanın təcrübəsini digər üzv ölkələrə yaymaq məqsədilə bu mövzuda məlumatın hazırlanıb MDB Statistika Komitəsinə təqdim edilməsini nümayəndələrimizdən xahiş etmişdir.
Müzakirələr zamanı məlum olmuşdur ki, hazırda MHS-2008-in tətbiqinə dair işlər əsasən bütün MDB ölkələrində başlanmış və bu istiqamətdə planlaşdırılan tədbirlər statistika orqanlarının rəsmi sənədlərində öz əksini tapmışdır.
Müşavirədə BMT-nin Avropa İqtisadi Komissiyası, Avrostat və Beynəlxalq Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanmış qloballaşmanın milli hesablara təsiri mövzusunda eyni adlı metodoloji vəsait barədə məlumat verilmiş və bildirilmişdir ki, bu sənəd qloballaşmanın iqtisadiyyata və statistik uçota təsiri ilə əlaqədar yaranan problemlərin xülasəsi, onların sistemləşdirilməsi və ətraflı izahı məqsədilə tərtib edilmişdir.
Bundan əlavə, MDB Statistika Komitəsinin nümayəndələri tərəfindən MHS-2008-in yeni tövsiyələrinin tətbiqi sahəsində MDB-yə üzv ölkələr arasında məlumat mübadiləsinin dəstəklənməsi və təşkil olunması, qabaqcıl təcrübənin yayılması və metodoloji işlərin əlaqələndirilməsi məqsədilə xüsusi Əlaqələndirmə Planının formalaşdırılması məsələsi irəli sürülərək qeyd edilmişdir ki, Planın layihəsi hazırlanaraq yaxın vaxtlarda irad və təkliflərin bildirilməsi üçün üzv ölkələrə göndəriləcəkdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim