Rusiya Federasiyasının "Ali iqtisadiyyat məktəbi "Milli tədqiqat universiteti"ndə sənaye istehsalı indeksinin hesablanması mövzusuna dair keçirilmiş seminar haqqında
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri, Sənaye və tikinti statistikası şöbəsi müdirinin müvini Hacıbala Dadaşov və baş məsləhətçi Əbülfəz Kərimov 15-17 may 2012-ci il tarixlərində Müstəqil Dövlətlər Birlyi Statistika Komitəsinin təşkilatçılığı ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin "Ali iqtisadiyyat məktəbi "Milli tədqiqat universiteti"ndə keçirilmiş seminarda iştirak etmişlər. Seminar Rusiya, Azərbaycan, Ukrayna, Belarus, Moldova, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan statistiklərinin iştirakı ilə keçirilmişdir.
Sənaye istehsalı indeksinin hesablanmasına dair BMT-nin beynəlxalq tövsiyələrinə həsr olunmuş seminarda indeksin konsepsiyasına, statistik vahidlərin müəyyən edilməsinə, təsnifatlara, indeksin hesablanması üçün məlumat mənbələri və onların yığılması üsullarına, bilavasitə indeksin hesablanmasına və məlumatların yayılmasına dair BMT-nin beynəlxalq tövsiyələri ilə bağlı ətraflı şərhlər verilmişdir. Seminarda qeyd olunmuşdur ki, dünyada bir sıra dəyişikliklərlə əlaqədar indeksin hesablanmasının əsasını təşkil edən statistik standartlar və tövsiyələr dəyişikliyə məruz qalmış, bu sahədə müəyyən praktiki təcrübə toplanmış, hesablamanın daha etibarlı və iqtisadi üsulları yaranmışdır. Hazırda sənaye istehsalı indeksinin müasir hesablama metodologiyası BMT-nin 2008-ci ildə qəbul edilmiş metodoloji tövsiyələrinə əsaslanır. Milli statistika orqanlarına indekslərin hesablanmasında köməklik göstərməsi üçün nəzərdə tutulmuş metodoloji tövsiyələrə riayət edilməsi müqayisəli indekslərin alınmasına imkan verir və bu indekslərdən müxtəlif ölkələrin və regionların iqtisadi fəaliyyətlərinin müqayisəsi üçün istifadə etmək olar.
Seminarda bildirildi ki, Azərbaycanda sənaye istehsalı indeksi beynəlxalq metodoloji tövsiyələrə əsaslanır və beynəlxalq təsnifatların bazasında hazırlanmış milli təsnifatlardan istifadə edilməklə hesablanır. Digər ölkələr öz çıxışlarında indeksin hesablanmasında tətbiq etdikləri üsullardan, istifadə olunan təsnifatlardan, hesablamalarla bağlı yaranan problemlər barədə məlumat verdilər. Məlum oldu ki, müxtəlif ölkələr sənaye istehsalı indeksinin hesablanmasında fərqli üsullardan istifadə edirlər, Azərbaycan kimi Rusiya, Ukrayna, Belarus, Moldova Sİİ-ni natural ifadədə məhsul buraxılışı göstəriciləri əsasında, Özbəkistan və Ermənistan dəyər ifadəsində məhsul buraxılışı göstəriciləri və deflyator əsasında, Qazaxıstan, Qırğızıstan və Tacikistan isə ümumiyyətlə köhnə üsulla, yəni müqayisə olunan dövrün qiymətlərindən çəki kimi istifadə etməklə hesablayırlar. Təsnifatlardan istifadə edilmə səviyyəsi də müxtəlifdir, belə ki, beynəlxalq təsnifatın son versiyası NACE, Rev.2 yalnız Azərbaycan, Belarus, Moldova və Qazaxıstanda istifadə olunur, Rusiya, Ukrayna, Özbəkistan kimi ölkələr bu versiyaya keçmək üçün hazırlıq işləri aparırlar, qalan ölkələr isə NACE, Rev.1.1 versiyasına yeni keçmişlər.