Dövlət Statistika Komitəsi nümayəndəsinin Paris şəhərində keçirilmiş Əmək Statistikası üzrə regional iclasda iştirakı haqqında
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Əmək statistikası şöbəsinin aparıcı məsləhətçisi Nərminə Nəhmədova 2012-ci ilin 9-11 iyul tarixlərində Fransanın Paris şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) hazırladığı əmək statistiklərinin 19-cu Beynəlxalq Konfransı üçün Əmək Statistikası üzrə regional iclasda iştirak etmişdir.
Əmək Statistikası üzrə regional iclas Beynəlxalq Əmək Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən təşkil edilmişdir. Regional iclasın əsas məqsədi Avropa və Mərkəzi Asiya ölkələri ilə texniki müzakirələrin aparılmasından ibarət olmuşdur.
İclasda 26 ölkənin (Azərbaycan, Albaniya, Almaniya, Belarus, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İsveç, İsveçrə, İtaliya, İspaniya, İrlandiya, İslandiya, Qazaxıstan, Qırğızıstan, Lüksemburq, Norveç, Niderland, Rusiya Federasiyası, Sloveniya, Makedoniya, Moldova, Monteneqro, Tacikistan, Ukrayna) mütəxəssisləri, eləcə də BƏT, İƏİT, Avrostat, MDB təşkilatlarının nümayəndələri iştirak etmişlər.
İclasda gündəliyə uyğun olaraq, işçi qüvvəsinin və əmək statistikasının konseptual strukturu, işçi qüvvəsinin ölçülmə strukturu, məşğulluq, işsizlik, iqtisadi qeyri-fəal əhali (işçi qüvvəsinə aid olmayan şəxslər), işsizlik səviyyəsinin ölçülməsi, məşğulluğun və əməyin müxtəlif növləri, məlumatların toplanması, məlumatların mənbəyi, əlaqə və yayılması kimi mövzular üzrə geniş müzakirələr aparılmışdır.
İclasın ikinci günü Dövlətstatkomun nümayəndəsi Nərminə Nəhmədova Azərbaycanın Əmək bazarında ümumi vəziyyət barədə məruzə etmişdir. Məruzədə Əmək statistikası şöbəsinin hər rüb keçirdiyi "Əhalinin iqtisadi fəallığı"na dair seçmə müayinənin 2011-ci il üzrə yekunları haqqında (iqtisadi fəal əhali, məşğulluq, işsizlik, iqtisadi qeyri-fəal əhali, natamam məşğulluq) məlumat verilmişdir.