Dövlət Statistika Komitəsi nümayəndəsinin "Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində binalarda enerjiyə qənaət təşəbbüsləri" layihəsinin təşkilatçılığı ilə Bişkek şəhərində təşkil olunmuş seminarda
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Sənaye və tikinti statistikası şöbəsi müdirinin müavini R.Qurbanov Avropa Komissiyasının INOGATE Proqramı çərçivəsində həyata keçirilən "Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində binalarda enerjiyə qənaət təşəbbüsləri" layihəsinin təşkilatçılığı ilə cari ilin iyul ayının 12-13 tarixlərində Qırğızıstanın Bişkek şəhərində təşkil olunmuş seminarda iştirak etmişdir.
Seminarın məqsədi layihəyə daxil edilmiş ölkələrdə məişət cihazlarının enerji səmərəliliyi markirovkalarının əhəmiyyəti, binaların enerji səmərəliliyinin artırılması istiqamətində mövcud vəziyyətin qiymətləndirilməsi və bu sahədə Avropa İttifaqına üzv olan bir neçə ölkənin praktikası ilə tanış olmaqdan ibarət olmuşdur.
Seminarda Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan respublikalarının nümayəndələri, ekspert qismində Çexiyalı Yuray Krivosik və Moldovalı Tatyana Lujanskaya, layihənin direktoru Fransalı Antuan Moren və layihənin rəhbəri İtaliyalı Roberto Lo Çiçero Vayna olmaqla 40-a yaxın şəxs iştirak etmişdir. Seminarda Azərbaycanı Sənaye və Energetika Nazirliyinin İnvestisiya və sənaye obyektlərinin yenidənqurulması şöbəsinin müdiri R.Rzayev və Dövlətstatkomun nümayəndəsi təmsil etmişlər.
Tədbirin ilk günü Qırğızıstan Respublikasının Energetika və Sənaye nazirinin müavini Aybek Kaliyev, Avropa İttifaqının Qırğızıstanın Respublikası üzrə Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin müdiri Tom Massi, INOGATE Proqramının "Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində binalarda enerjiyə qənaət təşəbbüsləri" layihəsinin rəhbəri Roberto Lo Çiçero Vayna tərəfindən iştirakçılara tədbirin əhəmiyyəti barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, məişət cihazlarının üzərində enerji məsrəfi ilə bağlı markirovkaların, həmçinin binaların (və yaxud evlərin) enerji səmərəliliyi üzrə sertifikatların mövcud olması onları istismar edən şəxslərin müəyyən dövr üçün enerjiyə çəkiləcək xərclərinin və karbon qazı (CO2) tullantılarının qiymətləndirməsi üçün əsas şərtdir.
Qazaxıstan, Özbəkistan və Tacikistan respublikalarının nümayandələri ölkələrində "Enerjidən səmərəli istifadə haqqında" Qanunun qəbul edildiyini, lakin binalarda enerji səmərələliyinin artırılması məqsədi ilə həyata keçiriləcək layihələri maliyyələşdirən donorların tapılmasında müəyyən çətinliklərin olduğunu qeyd etmişlər.
Sənaye və Energetika Nazirliyinin nümayəndəsi Azərbaycanda "Enerjidən səmərəli istifadə haqqında" Qanunun yaxın zamanlarda qəbul ediləcəyi və hazırda ölkədə prioritet məsələnin alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi barədə, Dövlətstatkomun nümayəndəsi isə öz növbəsində ölkədə energetika statistikasının təşkili, o cümlədən "Ev təsərrüfatlarında yanacaq və enerji istehlakına dair" keçirilmiş müayinə və sair məsələlərlə bağlı məlumat xarakterli çıxışlar etmişdir.