AZ    EN
logo

Dövlət Statistika Komitəsi nümayəndələrinin Qırğızıstanda SPEKA layihəsinin statistika üzrə işçi qrupunun 7-ci müşavirəsində iştirakı haqqında

25.09.2012

Dövlət Statistika Komitəsinin Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri Nuru Süleymanov və Sənaye və tikinti statistikası şöbəsinin müdiri Azad Abbasəliyev 2012-ci il avqustun 27-dən 30-dək SPEKA layihəsinin statistika üzrə işçi qrupunun Qırğızıstanda keçirilmiş 7-ci müşavirəsində iştirak etmişlər.
İclasda BMT-nin Avropa İqtisadi Komissiyası, Avrostat və Avropa Azad Ticarət Assosiasiyasının nümayəndələri, SPEKA layihəsinin iştirakçısı olan ölkələrin statistika orqanlarının mütəxəssisləri, eləcədə SPEKA regionunda ikitərəfli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Norveç və İslandiya statistika idarələrinin mütəxəssisləri iştirak etmişlər.
Müşavirənin məqsədi MHS 2008-in tətbiqi sahəsində son təşəbbüs və yanaşmaların müzakirəsi, milli statistika sistemlərinin daha yaxşı əlaqələndirilməsi, statistik istehsal proseslərinin modernləşdirilməsi sahəsində təcrübə mübadiləsinin aparılmasından ibarət olmuşdur.
İclasın birinci sessiyasında çıxış edən BMT-nin Avropa İqtisadi Komissiyasının statistika üzrə regional müşaviri milli statistika sistemlərinin Qlobal Qiymətləndirilməsi təşəbbüsü barədə məlumat verərək Milli hesablar statistikası göstəricilərinin və ümumiyyətlə, ölkədə statistika sisteminin inkişaf etdirilməsi perspektivlərinin müəyyənləşdirilməsi üçün Qlobal Qiymətləndirmələrin xüsusi rolunu vurğulamış, bu cür qiymətləndirmələrin 3-5 ildən bir həyata keçirilməsinin vacibliyini qeyd etmişdir.
Dünya Bankının, Avrostatın və Norveç statistika idarəsinin nümayəndələri öz çıxışlarında regionda statistik potensialın artırılması istiqamətində fəaliyyətləri, bu təşkilatlar tərəfindən dəstəklənən layihələr və onların gedişi və əldə edilmiş təcrübə barədə məlumat vermişlər.
İclasın ikinci sessiyası statistik məlumatların istehsalının və göstərilən xidmətlərin modernləşdirilməsinə həsr edilmişdir.
BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndəsinin təqdimatında məlumat verilmişdir ki, son illər dünyada istehsal edilən məlumatların həcmi kəskin artmış və bu məlumat axınının işlənilməsi statistikanın siyasətinin dəyişdirilməsini, statistikanın təşkili, statistik məlumatların işlənilməsi prosesinə biznes arxitekturanın tətbiqini tələb edir.
Müzakirələr zamanı Dövlətstatkomun nümayəndələri tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində statistik məlumatlar bazasının təkmilləşdirilməsi, metaməlumatlar sisteminin yaradılması, statistik məlumatların yığılmasının yeni üsulları, statistikada yeni informasiya -kommunikasiya texnologiyaların tətbiqi və keyfiyyətin idarə edilməsi sahələrində görülmüş işlər barədə məlumat verilmişdir.
MHS-2008-in tətbiqi ilə bağlı sessiyada BMT-nin Avropa İqtisadi Komissiyasının Şərqi və Cənub-Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya ölkələri və Monqolustanda MHS 2008-in tətbiqinə dəstək göstərilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər, sözügedən ölkələrdə MHS-in tətbiqinin vəziyyəti, bu sahədə əsas problemlər və məlumatların təkmilləşdirilməsi, o cümlədən MHS-in yeni versiyasının tətbiqi sahəsində qarşıda duran vəzifələr, beynəlxalq təşkilatların köməyini tələb edən sahələr barədə məlumat verilmiş və müzakirələr aparılmışdır. Nümayəndələrimiz tərəfindən ölkədə MHS-in yeni versiyasının tətbiqi ilə bağlı aparılan işlər və gələcək planlar barədə hazırlanmış təqdimat vasitəsilə qısa məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
İclasın sonunda müşavirənin yekunları müzakirə olunaraq SPEKA layihəsinin statistika üzrə işçi qrupunun gələcək işinin istiqamətlərini müəyyən edən sənəd qəbul olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim