Dövlət Statistika Komitəsi nümayəndəsinin Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika Komitəsi tərəfindən təşkil edilmiş iclasda iştirakı haqqında
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin müdiri Rəşad Bayramov 26-27 sentyabr 2012-ci il tarixdə Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika Komitəsi tərəfindən təşkil edilmiş iclasda iştirak etmişdir.
İclasın əsas məqsədi Dünya Bankı və BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) tərəfindən hazırlanmış "Kənd təsərrüfatı və kənd yerlərinin statistikasının təkmilləşdirilməsinə dair Qlobal Strategiya"nın MDB regionunda həyata keçirilməsi və bu zaman qarşıya çıxa biləcək problemlərin birgə həll yollarının müzakirə edilməsindən ibarət idi. Tədbirdə MDB Statistika Komitəsindən, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrdən Azərbaycan, Rusiya, Ukrayna, Belorusya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Moldova və Ermənistandan 22 nəfər mütəxəssis iştirak etmişdir.
İclasın ilk günü MDB Statistika Komitəsinin İqtisadi statistika idarəsinin rəisi xanım İ.P.Qoryaçeva Dünya Bankı və BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) tərəfindən hazırlanmış "Kənd təsərrüfatı və kənd yerlərinin statistikasının təkmilləşdirilməsinə dair Qlobal Strategiya" barədə çıxış etmişdir. Qeyd edilmişdir ki, Qlobal Strategiya milli və beynəlxalq statistika sistemləri üçün kənd təsərrüfatına dair müqayisə edilə biləcək əsas məlumat və göstəricilərin formalaşdırılmasına imkan verəcək və onun həyata keçirilməsi hər bir ölkənin statistik potensialından asılı olacaqdır.
İclasın ikinci günü MDB ölkələrində kənd təsərrüfatı statistikasının vəziyyəti, həlli vacib olan məsələlər müzakirə edilmişdir. Bildirilmişdir ki, bir çox ölkələrdə hələ də kənd təsərrüfatı statistikası üçün prioritet məsələlərin müəyyən edilməsində yardımçı ola biləcək Statistika Şurasının olmaması, statistik məlumat istifadəçilər ilə rəsmi forumların keçirilməməsi, kənd təsərrüfatı statistikasına ayrılmış maliyyə resurslarının məhdudluğu və s. bu kimi problemlər vardır.
Daha sonra, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin statistika xidmətlərinin nümayəndələri MDB ölkələri üçün "Kənd təsərrüfatı və kənd yerlərinin statistikasının təkmilləşdirilməsinə dair Qlobal Strategiya"nın həyata keçirilməsi Planının layihəsi ilə əlaqədar çıxışlar etmişlər. Müzakirələrdən sonra düzəlişlər edilmiş layihə qəbul olunmuş və yekun rəy verilməsi üçün MDB ölkələrinin statistika xidmətlərinin rəhbərlərinin Sankt-Peterburqda keçirələcək iclasına təqdim edilməsi qərara alınmışdır.