Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının nümayəndələrini qəbul etmişdir.
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev martın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının nümayəndələrini qəbul etmişdir. Dövlət Statistika Komitəsinin rəhbərliyi ilə keçirilmiş görüşdə Azərbaycanda MHS üzrə Son Texniki Yardım missiyasının tövsiyələri və inflyasiyaya baxış mövzusunda fikir mübadiləsi aparılmışdır. Görüşdə qeyri-neft sektorunda ÜDM-in səviyyəsi, ÜDM-in xərclər əsasında hesablanılması metodologiyası, dövlət investisiyalarının həcmi barəsində və müxtəlif istiqamətlərdə BVF ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə toxunulmuşdur.
Dövlət Statistika Komitəsinin sədri cənab Arif Vəliyev Son Texniki Yardım missiyasının ekspertlərinin hesabatı ilə tanış olduğunu və hesabatda olan təkliflərin növbəti kollegiyaların birində müzakirə olunacağını qonaqların nəzərinə çatdırmışdır. Komitə sədri rəhbərlik etdiyi dövlət qurumu tərəfindən indekslərlə əlaqəli bütün səviyyələrdə məlumatların, eləcə də orta qiymətlərə dair məlumatların hər ay Mərkəzi Banka təqdim edildiyini və Komitə tərəfindən hesablanan indeks göstəricilərinin reallığı tam əks etdirdiyini və hesablamaların aparılması metodologiyası haqqında istənilən dövlət və qeyri-dövlət təşkilatlar ilə əməkdaşlığa hazır olduqlarını bildirmişdir.
BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri cənab Raja Almarzoqi daha çevik məzənnə siyasətinə keçirilməsi ilə bağlı hazırda Mərkəzi Bankla apardıqları əməkdaşlıqdan bəhs edərək, bunun üçün ümumi indeks göstəricilərinə deyil, daha alt səviyyələrdə məlumatlara ehtiyac yarandığını qeyd etmiş, eləcə də, bazar iştirakçılarında və digər məlumat istifadəçilərində inamın formalaşdırılması üçün qarşılıqlı əməkdaşlığın bir vasitə olduğunu bildirmişdir.
Sonda səmimi görüşə görə öz minnətdarlığını bildirən BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri cənab Raja Almarzoqi BVF ilə DSK arasında əməkdaşlığın daha da inkişafına ümidvar olduğunu bildirmişdir.