Dövlət Statistika Komitəsinin nümayəndəsi Sosial statistika üzrə Texniki Məsləhətçi Qrupunun üçüncü görüşündə iştirak etmişdir
Sosial statistika üzrə mütəxəssislərdən ibarət Texniki Məsləhətçi Qrupunun (TAG) üzvü kimi Əmək statistikası şöbəsi müdirinin müavini Nemət Xuduzadə 2013-cü il mart ayının 6-8-də Tailandın Banqkok şəhərində keçirilən üçüncü iclasda iştirak etmişdir.
Görüşdə qrupun üzvü olan 10 ölkənin - Avstraliya, Azərbaycan, Banqladeş, Butan, Çin, Hindistan, İndoneziya, İran, Monqolustan, Filippin və 7 beynəlxalq təşkilatın (Beynəlxalq Əmək Təşkilatı, BMT-nin İnkişaf Proqramı, Narkomaniya və Cinayət üzrə İdarəsi, Təhsil, Elm və Mədəniyyət Təşkilatı, eyni zamanda, Asiya İnkişaf Bankı, Sakit okean Ölkələri Birliyinin Katibliyi və BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP)) mütəxəssisləri iştirak etmişdir.
Görüşün əsas məqsədi UNESCAP-ın Statistika üzrə Komitəsinin 2012-ci il dekabrın 12-14-də keçirilmiş 3-cü sessiyası tərəfindən təsdiq edilmiş Əhali və sosial statistikaya dair göstəricilər sistemi layihəsinin və TAG-ın iş planının müzakirəsi olmuşdur.
Minilliyin İnkişaf Məqsədləri, BMT-nin Minimum Milli Sosial Göstəricilər Sistemi və digər məlumatlar sistemi əsasında hazırlanmış 75-dək göstəricidən ibarət olan göstəricilər sistemi layihəsi əhali, səhiyyə, ev təsərrüfatlarının gəlir və xərcləri, yoxsulluq, məşğulluq, təhsil, mənzil və infrastruktura, informasiya və rabitə, cinayətkarlıq, ailə və cəmiyyət, mədəniyyət və asudə vaxtı və dövlət idarəetmə statistikası sahələrini əhatə edir.
Dövlət Statistika Komitəsinin nümayəndəsi “Əhali və sosial statistikaya dair göstəricilər sistemi - milli perspektivlər” mövzusu üzrə məruzə ilə çıxış etmişdir və bu mövzu ilə bağlı geniş müzakirələr aparılmışdır.
Görüşün sonunda tərtib edilmiş “Göstəricilər sisteminə daxil edilmiş məlumatların əldə edilməsi və onların istifadəsi - milli praktikaya baxış” sorğu anketinin cari ildə TAG tərəfindən təkmilləşdirilməsi, bütün region ölkələrin müvafiq milli statistika orqanlarına göndərilməsi və nəticələr haqqında TAG üzvlərinin məlumatlandırılması razılaşdırıldı. Bununla yanaşı, rəy və təkliflərin bildirilməsi məqsədilə Əhali və sosial statistikaya dair göstəricilər sisteminin son variantını bütün 58 region ölkələrinə və beynəlxalq təşkilatlara göndərilməsi və təqdim olunan təkliflər TAG tərəfindən müzakirə olunduqdan sonra UNESCAP-ın 69-cu sessiyasına və Statistika üzrə Komitəsinin növbəti sessiyasına təqdim edilməsi barədə razılığa gəlinmişdir.