AZ    EN
logo
image

Moskvada ÜDM-in xərc komponentlərinin ilkin qruplar üzrə bölüşdürülməsinin yekunlarına dair müşavirə keçirilmişdir.

25.06.2013

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qiymət statistikası şöbəsinin müdiri Elman Qasımzadə 19-20 iyun 2013-cü il tarixlərində MDB ölkələrində ümumi daxili məhsulun beynəlxalq müqayisələrin nəticələri ilə bağlı nəzərdə tutulmuş tədbirlər çərçivəsində ÜDM-in xərc komponentlərinin ilkin qruplar üzrə bölüşdürülməsi və alınmış nəticələrə dair Moskvada keçirilmiş müşavirədə iştirak etmişdir.
İclas MDB regionu üzrə bu layihənin əlaqələndiricisi olan MDB Dövlətlərarası Statistika Komitəsi və Rusiya Federal Dövlət Statistika Xidməti (Rosstat) tərəfindən təşkil edilmişdir.
Müşavirədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna statistika orqanlarının mütəxəssisləri, həmçinin MDB Statistika Komitəsinin nümayəndələri iştirak etmişlər.
İclasın əsas məqsədi 2011-ci il üzrə beynəlxalq müqayisələr üçün Xərclər təsnifatına uyğun ilkin qruplara bölüşdürülmüş ümumi daxili məhsul göstəricisinə dair ölkələr tərəfindən təqdim edilmiş məlumatların müzakirəsi olmuşdur.
Müşavirədə Rusiya Federasiyası Statistika Xidmətinin mütəxəssisi beynəlxalq müqayisələr üzrə aparılan işlər barədə məlumat verərək ÜDM-in xərc strukturu üzrə məlumatların etibarlılığının və müqayisəliliyinin təmin edilməsinin vacibliyini vurğulamş MDB ölkələri üzrə 2011–ci il üçün aparılmış ilkin hesablamaların yekunlarını iştirakçılara açıqlamışdır. Bildirilmişdir ki, beynəlxalq müqayisələrin nəticələri ilə müqayisədə hər nəfərə düşən ÜDM-nin həcminə görə Azərbaycan Belarusiyadan sonrakı 4-cü yerdə qərarlaşmışdır.
Daha sonra ÜDM-in xərc komponentləri üzrə təsnifləşdirilməsinin bəzi metodoloji xüsusiyyətlərini izah edilmiş, tez-tez təkrarlanan səhvlər və ölkələr üzrə bir daha dəqiqləşdirilməli xərc maddələri barədə məlumat verilmişdir. Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş məlumatlarda Xərclər təsnifatının “Ət və ət məhsulları”, “Geyim və ayaqqabı”, “Səhiyyə” və “Tikinti” maddələri üzrə rəqəmlərin bir daha nəzərdən keçirilməsi tövsiyə olunmuşdur.
Müşavirədə bunlarla yanaşı Dünya Bankı tərəfindən hazırlanmış 3 sorğu anketi müzakirə edilmişdir ki, bunlardan 1-i qiymət sahəsi üzrə, qalan 2-si isə ÜDM xərc komponentlərinə aid olmuşdur. Sorğu anketinin doldurulma qaydaları iştirakçı ölkələrə izah edilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim