AZ    EN
logo

Dövlət Statistika Komitəsinin nümayəndəsi “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında” Konvensiya ilə əlaqədar keçirilmiş iclasda iştirak etmişdir.

03.09.2013

Cari ilin avqust ayının 29-30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində beynəlxalq ekspertlərin iştiraki ilə “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında” Konvensiyanın ratifikasiyasına dair xərclər və müxtəlif senarilərin faydalarının qiymətləndirilməsi” mövzusunda iclas keçirilmişdir. İclasda Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin sektor müdiri Rəna Lazımova iştirak etmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra ətraf mühitin mühafizəsi sahəsində bir çox beynəlxalq konvensiyalara və sazişlərə qoşulmuşdur.
Belə Konvensiyalarda biri də “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında” 13 noyabr 1979-cu ildə Cenevrə şəhərində qəbul edilmiş və 1983-ci ildə qüvvəyə minmiş Konvensiyadır. Bu Konvensiyaya səkkiz hüquqi protokol da əlavə olunmuşdır. Konvensiyanın protokollarında dövlətlərin iri stasionar çirkləndirmə mənbələri tərəfindən yaradılan hava çirkləndiricilərinin konsentrasiyalarının norma hədlərini aşmaması üzrə öhdəliklər və zərərli maddələrin zərərsizləşdirilməsini təmin edən əsas texnologiyalar, metodlar və avadanlığın istifadə olunması üzrə müvafiq şərtlər və tövsiyələr təyin edilmişdir.
“Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında” Konvensiyası Azərbaycan Respublikası tərəfindən 2002-ci ildə ratifikasiya edilmişdir.
Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin, Şərq Regional Fəaliyyət Planı üzrə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçiliyi ilə həyata keçirilən “Hava keyfiyyətinin idarə olunması” layihəsi çərçivəsində BMT-nin Avropa İqtisadi Komissiyasının “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında” Konvensiyanın protokollarına qoşulma və onların ratifikasiyası üzrə milli potensialın qiymətləndirilməsi və müvafiq öhdəliklər” mövzusunda müzakirələr keçirilir.
Cari ilin əvvəlindən beynəlxalq ekspertlərin iştiraki ilə üç görüş keçirilmiş və bu görüşlərin əsas məqsədi Azərbaycanda “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında” Konvensiyasının müəyyən edilmiş üç protokolunun (“Ağır metallar”, “Davamlı üzvi çirkləndiricilər” və “Turşuluğun azaldılması, evtrofikasiya və yerin ozon qatının bərpası”) ratifikasiyası və həyata keçirilməsi üçün strateji planın və "yol xəritəsi"nin hazırlanmasıdır.
Bu istiqamətdə beynəlxalq ekspertlər və işçi qrup tərəfindən müvafiq işlər görülür, Protokolların tələbləri müəyyən edilir, havanın keyfiyyətinin monitorinqi və idarəsi üzrə Azərbaycanın indiki vəziyyəti ilə bağlı məlumatlar toplanır, Protokolların uyğun cari səviyyəsi müəyyənləşdirilir və ölkədə mövcud vəziyyət təhlil olunur.
İlin sonunadək beynəlxalq ekspertlər tərəfindən iki seminarın keçirilməsi nəzərdə tutulmuşdur və bu seminarlarda “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında” Konvensiyanın üç protokolu üzrə fəaliyyət planı təqdim olunması planlaşdırılır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim