AZ    EN
logo

“Tvinninq layihə fişlərinin hazırlanması və seçilmə prosedurları” mövzusunda seminar

06.09.2013

İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin nəzdində fəaliyyət göstərən Avropa İttifaqının Tvinninq, TAİEX və SİQMA alətlərinin Proqram İdarəetmə Qurumu və “Tvinninq, TAİEX və SİQMA əməliyyatlarının tətbiqinə dəstək (“İTTSO II” layihəsi tərəfindən cari ilin 28-29 avqust və 2-3 sentyabr tarixlərində “Four Seasons” mehmanxanasında “Tvinninq layihə fişlərinin hazırlanması və seçilmə prosedurları” mövzusuna həsr olunmuş seminar keçirilmişdir. Tədbirdə 20-dən çox dövlət qurumunun nümayəndəsi iştirak etmişdir. Tədbirdə Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi şöbəsi müdirinin müavini Fərhad Əliyev də iştirak etmişdir.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi tərəfindən bildirilmişdir ki, Tvinninq proqramı Avropa Komissiyasının təşəbbüsüdür və 1998-ci ildə Avropa İttifaqının (Aİ) genişlənməsinə hazırlıq kontekstində başlamışdır. Bu, ilk öncə Avropa İttifaqının gələcək üzvləri kimi namizəd ölkələrə İttifaqın qanunvericiliyinin həyata keçirilməsi imkanlarının gücləndirilməsi üçün yardım etmək məqsədilə yaradılmış inzibati əməkdaşlıq vasitəsi kimi qəbul edilmişdir. O eyni zamanda qeyd etmişdir ki, Azərbaycanda indiyədək 14 Tvinninq layihəsi artıq icra olunmuşdur. Azərbaycan yerinə yetirilmiş və hazırda yerinə yetirilən Tvinninq layihələrinin kəmiyyət və keyfiyyətinə görə regionda liderdir. Azərbaycan Respublikasının Milli Məclisi və İqtisadi İnkişaf Nazirliyinin benefisiarları olduqları Tvinninq layihələri regionun ən uğurlu layihələri seçilmişdir. Bu layihələrlə yanaşı Dövlət Statistika Komitəsi tərəfindən yerinə yetirilmiş, “Milli hesablar, müşahidə olunmayan iqtisadiyyat, biznes statistikası və istehsalçı qiymət indekslərinin Avropa standartlarına uyğunlaşdırılmasında Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin ölkədə həyata keçirilən layihələr arasında ən uğurlu layihələrdən biri olduğu qeyd edilmiş və layihə komponentləri haqqında qısa məlumat verilmişdir.
Seminarda dövlət idarəçiliyi sahəsində Avropa Komissiyasının mütəxəssisi, Avropa Dövlət İdarəçiliyi İnstitutunun mühazirəçisi cənab Volfqanq Koet də iştirak edirdi. O, Tvinninq Fişinin hazırlanması barədə məruzə edərək onun Tvinninq layihəsinin icradan əvvəlki mərhələsi üçün xarakterik olan alət olduğu, Fişin tərtib edilməsində maraqlı tərəflərin rolu və vəzifələri, Fişin strukturu, hazırlanma mərhələsindəki nöqsanlara görə yarana biləcək problemlər haqda məlumat vermişdir. Daha sonra cənab Volfqanq Tvinninq Fişin institusional çərçivəsi, büdcəsi, icra tədbirlər planı, davamlılıq, çarpaz məsələlər şərtlər və ardıcıllıq və s. haqqında danışmışdır.
Seminarda mühazirəçi tərəfindən hazırlanarkən Fişə daxil ediləcək əsas məlumatlar, məqsədlər, layihə Fişinə əlavələr, məntiqi çərçivə matrisinin hazırlanması yolları, ölçülə bilən meyarlar, məlumat mənbələri, fərziyyələr barədə məlumat verilmiş, dəqiq ölçülə bilən meyarların müəyyənləşdirilməsi, dəqiq məlumat mənbələrinin müəyyənləşdirilməsi və fərziyyələrin müəyyənləşdirilməsi ilə əlaqədar praktiki tapşırıqlar yerinə yetirilmişdir. Tədbirdə Tvinninq təlimatına uyğun olaraq seçim proseduru, Fiş tərtib edildikdən sonra baş verən hadisələr, təkliflər üçün müraciət, Aİ-yə üzv dövlətlərin yazılı təkliflərinin inzibati qaydada yoxlanılması, həmin təkliflərin benefisiar tərəfindən daxil qaydada qiymətləndirilməsi, seçimdən əvvəlki iclas və seçim iclası və qiymətləndirmə prosedurları, Tvinninq üzrə rezident müşavirin seçilməsi, bu zaman nəzərə alınması vacib olan bəzi məsələlər, tərcümə ilə bağlı çatışmazlıqlar barədə çıxış edilmişdir. Tədbirdə eyni zamanda uğurlu seçim prosedurunun elementləri və seçim iclasında ən yaxşı təkliflərin seçilməsi ilə bağlı praktiki tapşırıq da yerinə yetirilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim