Dövlət Statistika Komitəsinə İSO 9001:2008 standartı üzrə sertifikat verilmişdir.
Bureau Veritas Certification
Son illərdə dövlət statistika orqanlarının fəaliyyəti keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmuşdur. Dövlət Statistika Komitəsinin statistika praktikasında istifadə etdiyi qayda və standartlar beynəlxalq standartların tələblərinə tam uyğunlaşdırılmış və aparılan islahatlara xüsusi diqqət yetirilmişdir.
Rəsmi statistikada keyfiyyətin təmin olunması və metaməlumatlar sisteminin yaradılması son dövrün ən aktual məsələlərindən birinə çevrilmişdir. Dövlət Statistika Komitəsində 2010-cu ildə Avrostat, AATA (Avropa Azad Ticarət Assosiasiyası) və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən aparılmış Qlobal Qiymətləndirmə zamanı verilmiş tövsiyələrin icrası və rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsində keyfiyyətin idarə olunması sisteminin qurulması və tətbiqi məqsədilə, “Dövlət Statistika Komitəsində keyfiyyətin idarə olunması və metaməlumatlar sisteminin yaradılmasına dair 2012-2013-cü illər üzrə fəaliyyət planı” təsdiq edilmiş və kompleks tədbirlər həyata keçirilmişdir. İSO 9001:2008 Keyfiyyətin idarə olunması standartı çərçivəsində siyasət və məqsədlər bəyan edilmiş, keyfiyyət üzrə Əlaqələndirmə şurası yaradılmış, rəhbərliyin keyfiyyət üzrə nümayəndəsi təyin edilmiş, keyfiyyətin idarə edilməsi sisteminin sənəd toplusu (keyfiyyət üzrə vəsait - I, II nəşrlər) hazırlanmış, bütün sahələr üzrə statistik proseslərin xəritələri işlənmiş və təsdiq edilmişdir. 2013-cü ilin yanvar ayından başlayaraq Komitənin bütün şöbələrində daxili auditlərin aparılması təşkil edilmiş, 1000-dən çox statistik göstəriciyə, 250-dən çox statistik hesabata dair metaməlumatlar və 23 adda əsas statistik məhsullara dair keyfiyyət məruzələri işlənib hazırlanmış, Komitənin rəsmi saytı tamamilə yenilənmiş və yeni interfeysdə istifadəçilərin istismarına verilmişdir. Görülmüş işlərin məntiqi nəticəsi olaraq, sınaq, təftiş və sertifikatlaşdırma sahəsində dünya liderlərindən olan “Bureau Veritas” şirkətinin yerli nümayəndəliyi tərəfindən kənar (xarici) audit təşkil edilmişdir.
15 avqust 2013-cü il tarixdə “Bureau Veritas” şirkəti tərəfindən Dövlət Statistika Komitəsinə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsi və İSO 9001:2008 standartı üzrə 3 il müddətinə sertifikat verilmişdir.