“Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 17 oktyabr 2012-ci il tarixli 29/1 nömrəli kollegiya qərarı ilə 2012-2015-ci illər üçün Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər planının “Etik davranış məsələləri üzrə illik hesabatların hazırlanması (hesabatlarda aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və tətbiq edilmiş intizam tənbehi tədbirləri göstərilməklə), Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi və Komitənin Veb səhifəsində yerləşdirilməklə ictimaiyyətə açıqlanması (2012-2015-ci illər)” barədə 10.2-ci bəndinə əsasən Dövlət Statistika Komitəsinin Aparatında və yerli statistika orqanlarında çalışan dövlət qulluqçuları üçün Komitənin müvafiq əmrləri ilə tədris proqramları təsdiq edilmiş, daimi praktiki təlimlər keçirilmişdir. Təlimlərdə Komitənin Aparatının və yerli statistika orqanlarının işçilərinə “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunlarının
və digər qanunvericilik aktlarının öyrənilməsinə dair məşğələlər keçirilmişdir.
Məşğələlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə işçilərin mənimsəmə qabiliyyətlərinin qiymətləndirilməsi jurnalları tərtib edilmişdir. Məşğələlərin nəticəsi barədə hər ayın sonunda rəhbərliyə arayış təqdim olunur.
Dövlət Statistika Komitəsində çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydaları və prinsiplərinin, onlara əməl edilməsi məsələlərinin öyrənilməsi sahəsində daha səmərəli tədbirlərin həyata keçirilməsi 2013-cü ildə də davam etdirilmişdir. İşçilərin maarifləndirilməsi və biliklərinin artırılması məqsədilə “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarına dair mövzular müasir informasiya texnologiyaları tətbiq etməklə yerli statistika orqanlarına göndərilmiş və onların cavablandırılması təmin edilmişdir.
Dövlət Statistika Komitəsinin və onun vəzifəli şəxslərinin fəaliyyətində qanuniliyin və şəffaflığın artırılması, büdcə vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsi, korrupsiya hüquqpozmalarına yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə Dövlət Statistika Komitəsinin internet səhifəsində etik məsələlər üzrə xüsusi bölmə yaradılmışdır.
Dövlət Statistika Komitəsində çalışan dövlət qulluqçularının etik davranış qaydalarının və prinsiplərinin, onlara əməl edilməsi məsələlərinin öyrənilməsi üzrə tədbirlər davam etdirilir.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən Dövlət Statistika Komitəsində çalışan dövlət qulluqçularının etik davranış qaydalarına daim nəzarət edilərək, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər həyata keçirilmişdir. Bununla əlaqədar Dövlət Statistika Komitəsinin əmr, sərəncam və tapşırıqlarını yerinə yetirməyən dövlət qulluqçularına qarşı intizam tənbehi tətbiq edilir. Belə ki, Dövlət Statistika Komitəsinin 8 yanvar 2013-cü il tarixli 2/k nömrəli əmri ilə hesabat və icraçılıq intizamında yol verdikləri nöqsanlara və icraçılıq intizamına nəzarəti lazımi səviyyədə təşkil etmədiklərinə görə Dövlət Statistika Komitəsinin Yasamal Rayon Statistika Şöbəsinin rəisi Rza Əşrəf oğlu Rzayevə, Nəsimi Rayon Statistika Şöbəsinin rəisi Şahverdi Tərlan oğlu Şahverdiyevə töhmət elan edilmiş, Xətai Rayon Statistika Şöbəsinin rəisi Alim Söhbət oğlu Süleymanova, Binəqədi Rayon Statistika Şöbəsinin rəisi Hamlet Əli oğlu Məmmədova, Xəzər Rayon Statistika Şöbəsinin rəisi Təranə Hüseyn qızı Babayevaya, Qaradağ Rayon Statistika Şöbəsinin rəisi Şəhla Talıb qızı Fərzəliyevaya, Sabunçu Rayon Statistika Şöbəsinin rəisi Rəna Yusif qızı Bağırovaya, Səbail Rayon Statistika Şöbəsinin rəisi Şahin Mahmud oğlu Seyidova, Suraxanı Rayon Statistika Şöbəsinin rəisi Ruslan Səifəddin oğlu Əliyevə xəbərdarlıq edilmiş, Dövlət Statistika Komitəsinin 29 may 2013-cü il tarixli 14/1 nömrəli kollegiya qərarı ilə Komitənin əmr və kollegiya qərarlarının icrası zamanı nöqsanlara yol verdiyinə, hesabat və icraçılıq intizamına nəzarəti lazımi səviyyədə təşkil etmədiyinə görə Masallı Rayon Statistika İdarəsinin rəisi Əlizahir Əbdül oğlu Əliyevin əmək müqaviləsinə xitam verilmişdir.
Daşkəsən Rayon Statistika İdarəsinin 28 yanvar 2013-cü il tarixli 7/k nömrəli əmri ilə idarənin baş məsləhətçisi Nadejda Mehbalı qızı Hüseynovaya verlmiş tapşırığı yerinə yetirmədiyinə görə töhmət elan edilmişdir.
Komitənin 12 iyun 2013-cü il tarixli 17/1 nömrəli Kollegiya qərarı ilə hesabatların və statistik bülletenlərin təqdim olunmasında yol verdikləri nöqsanlara görə Beyləqan Rayon Statistika İdarəsinin rəisi Rövşən Allahverdi oğlu Quliyevə və rəis müavini Tofiq Möhübbət oğlu Vəliyevə töhmət, kollegiyanın 27 iyun 2013-cü il tarixli 18/1 nömrəli qərarı ilə Ağcabədi Rayon Statistika İdarəsinin rəisi Elsevər Xosrov oğlu İsmayılova töhmət elan edilmiş, rəis müavini Rasim Fəzail oğlu İbrahimovun nəzərinə çatdırlmışdır.
Hesabat və icraçılıq intizamında yol verdiyi nöqsanlara görə Hacıqabul Rayon Statistika İdarəsinin rəisi Baləli Balabaxış oğlu Baxşıyevə Kollegiyanın 17 iyul 2013-cü il tarixli 20/1 nömrəli qərarı ilə töhmət elan edilmiş, rəis müavini Samir Arif oğlu Cəbrayılovun nəzərinə çatdırılmışdır.
Aparatın şöbələrində təlim kursları üzrə 2013-cü il üçün iş planının icrasını təmin etmədiklərinə görə Dövlət Statistika Komitəsinin 2 sentyabr 2013-cü il tarixli 156/k nömrəli əmri ilə Beyləqan, Ağcabədi, Mingəçevir, Füzuli, Ağdam, Xaçmaz, Xocavənd, Xızı, Biləsuvar, Şamaxı, Gədəbəy, Laçın Rayon Statistika idarələrinin və Gəncə Şəhər Statistika İdarəsinin rəisinə töhmət elan edilmişdir. Təlim kurslarına ezam edilmiş, lakin kursda tam iştirak etməyən Sumqayıt, Şirvan şəhər statistika idarələrinin, Ucar, Zaqatala, Daşkəsən, Yevlax, Yardımlı, Ağdaş, Ağstafa, Ağsu, Bərdə, Tərtər, Tovuz, Şabran rayon statistika idarələrinin mütəxəssislərinə töhmət elan edilmiş və həmin rayon statistika idarələrinin rəislərinə və Aparatın Kadrlar şöbəsinin aparıcı məsləhətçisi Səidə Əhməd qızı Əliyevaya xəbərdarlıq edilmişdir. Şəmkir Rayon Statistika İdarəsinin 23 avqust 2013-cü il tarixli 27 nömrəli əmri ilə idarənin məsləhətçisi Nəzakət Məmmədovaya, Samux Rayon Statistika İdarəsinin 22 avqust 2013-cü il tarixli 31 nömrəli əmri ilə idarənin baş məsləhətçisi Tamara Sadıqovaya kursda tam iştirak etmədiklərinə görə töhmət elan edilmişdir.
Komitənin 21 fevral 2013-cü il tarixli 27/k nömrəli əmrilə Aparatın Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin məsləhətçisi Müzəffər Qafar oğlu Rüstəmova işə gəlmədiyi barədə sənəd təqdim etmədiyinə görə töhmət, Komitənin 14 fevral 2013-cü il tarixli 23/k nömrəli əmri ilə Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi müdirinin müavini Səbinə Rövşən qızı Dadaşovaya xarici investisiyaların strukturuna dair hazırlanmış məlumatlarda səhvlərə yol verdiyinə görə töhmət elan edilmişdir.
Dövlət Statistika Komitəsinin dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına və bu qaydaların pozulması hallarına yol verilməməsinə ciddi nəzarət edilir.
Etik davranış məsələləri üzrə maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və tətbiq edilmiş intizam tənbehi tədbirlərinin ictimaiyyətə açıqlanması məqsədilə məlumatlar Komitənin www.stat.gov.az Veb səhifəsinin xəbərlər bölməsində yerləşdirilmişdir.
Dövlət Statistika Komitəsində çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması və bu qaydaların pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.