AZ    EN
logo

İrlandiyanın Dublin şəhərində “Statistik informasiya sisteminin idarə olunması” mövzusunda seminar keçirilib

29.04.2014

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Qasım Əliyev cari ilin 14-16 aprel tarixlərində Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası (BMT AİK), Avropa İttifaqının Statistika İdarəsi (Avrostat) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) birgə təşkilatçılığı ilə İrlandiyanın Dublin şəhərində “Statistik informasiya sisteminin idarə olunması” mövzusunda təşkil edilmiş seminarda iştirak etmişdir. Bu seminar Avropa Statistikləri Konfransının (CES) 2014-cü il üzrə işçi proqramının bir hissəsi olaraq təşkil olunmuşdur. Eyni tarixlərdə Filippinin Manila şəhərində ESCAP da (Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiya) oxşar iclas təşkil etmiş və müəyyən vaxt ərzində hər iki iclas arasında video-əlaqə (video konfrans) təşkil edilmişdir.
Seminarda Azərbaycan ilə yanaşı dünyanın bir çox ölkələrindən, o cümlədən Albaniya, Avstriya, Kanada, Estoniya, Finlandiya, Fransa, Almaniya, Çinin Honq Konq bölgəsi, Macarıstan, İslandiya, Hindistan, İrlandiya, İtaliya, Latviya, Niderland, Norveç, Polşa, Rusiya Federasiyası, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının statistika xidmətlərinin mütəxəssisləri iştirak edirdi. Sessiyada, həmçinin müşahidəçi qismində Avrostatın, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə və Sənayenin İnkişafı təşkilatlarının nümayəndələri iştirak edirdi.
Seminarın keçirilməsində əsas məqsəd informasiya texnologiyaları, keyfiyyətin idarə olunması və məlumat mübadiləsi standartları sahəsində statistika və digər mütəxəssislər arasında təcrübə mübadiləsi və yaxşı nəticələrin müəyyən edilərək, digər ölkələrə tövsiyə edilməsindən ibarət olmuşdur. Seminarın işçi auditoriyasına, əsasən informasiya texnologiyaları, statistik metaməlumatlar və statistik biznes prosesin tətbiqinə və dəyişdirilməsinə cavabdeh şəxslər daxil idi.
Gündəlikdə çıxışların qruplaşdırıldığı əsas mövzular məhsul və keyfiyyət arxitekturası, standart əsaslı modernizasiya, innovasiya və təşkilatın yanaşma tərzinin dəyişməsinə İnformasiya Texnologiyalarının necə təsir etməsindən ibarət olmuşdur.
Seminar zamanı informasiya texnologiyaları, keyfiyyətin idarə olunması və məlumat mübadiləsi standartları sahəsində tədqiqatlar aparan mütəxəssislər tərəfindən maraqlı təqdimatlar edilmiş və müzakirələr aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim