AZ    EN
logo

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Sənaye istehsalı indeksinin hesablanması” mövzusuna dair regional seminar keçirilmişdir

27.05.2014

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Sənaye və tikinti statistikası şöbəsinin müdiri Hacıbala Dadaşov və baş məsləhətçi Ceyhun Həsənov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənayenin İnkişafı Təşkilatının (UNİDO) layihəsi çərçivəsində 14-16 may 2014-cü il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunmuş regional seminarda iştirak etmişlər. Sənaye istehsalı indeksinin hesablanmasında BMT-nin beynəlxalq tövsiyələrinə həsr olunmuş regional seminarda MDB Statistika Komitəsinin, Rusiya Federasiyasının, Belarusun, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Qırğızıstanın, Moldovanın, Ermənistanın, Azərbaycanın və UNİDO-nun nümayəndələri və xüsusi dəvət olunmuş ekspertlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Rusiya Federasiyasının Federal Dövlət Statistika Xidməti rəhbərinin müavini A.Keveş qeyd etmişdir ki, iqtisadi artım meylinin müşahidə olunması iqtisadi təhlilin əsas məqamı hesab olunur və iqtisadi siyasətin işlənib hazırlanmasının əsasını təşkil edir. Bu baxımdan qısamüddətli göstəricilər arasında sənaye istehsalı indeksi təhlil, müqayisə və mühüm qərarların qəbul edilməsində çox əhəmiyyətli rol oynadığını qeyd edərək seminarın regionun bütün ölkələri üçün əhəmiyyətli olacağını vurğulamışdır.
Seminarın birinci günü UNİDO-nun eksperti İ.Ulyanov “Sənaye istehsal indeksinin (Sİİ) hesablanmasının məqsədi və üsulları” və “Sənaye istehsal indeksinin təqdim edilməsi və yayılması” mövzularında təqdimatlarla çıxış etmişdir.
Ekspert Milli statistika orqanları tərəfindən Sİİ-nin hesablanmasının əsas prinsipləri ilə əlaqədar ətraflı məlumat verərək qeyd etmişdir ki, hesablanma zamanı tövsiyə olunan müşahidə vahidi bölmə, məlumatların yığılması, indeksin hesablanması, məlumatların yayılmasında fəaliyyət növlərinə və məhsullara ən uyğun gələn beynəlxalq təsnifatlar İSİC rev.4 və CPC ver.2 təsnifatları olmalıdır.
Seminarın növbəti günü iştirakçı ölkələrin nümayəndələri milli statistika orqanlarında sənaye istehsalı indeksinin hesablanması mövzusunda məlumat təqdim etmişlər. İlk təqdimatla çıxış edən Rosstatın sənaye istehsalı indeksinin hesablamasının əsas prinsipləri və tətbiq edilən hesablama alqoritmi haqqında məlumatından məlum oldu ki, indeks beynəlxalq statistika orqanlarının indekslərin hesablanmasına dair metodoloji tövsiyələrinə uyğun hesablanır, eyni zamanda Avropa İqtisadi Komissiyasının indekslərin hesablanması sahəsindəki təcrübəsindən istifadə edilir.
Növbəti təqdimat Azərbaycan nümayəndələri tərəfindən edilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda sənaye istehsalı indeksi beynəlxalq metodoloji tövsiyələrə əsaslanır və beynəlxalq təsnifatların bazasında hazırlanmış milli təsnifatlardan istifadə edilməklə hesablanır. Digər ölkələr öz çıxışlarında indeksin hesablanmasında tətbiq etdikləri üsullar, istifadə olunan təsnifatlar, hesablamalarla bağlı yaranan problemlər barədə məlumat vermişlər.
Ölkələr tərəfindən edilən çıxışlardan sonra mövzu ətrafında diskussiya aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim