Tbilisi şəhərində Milli hesablar sisteminə dair təlim kursu keçirilmişdir
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin baş məsləhətçisi İ.Hüseynova, məsləhətçiləri M.Məmmədova və P.Hüseynova 12-16 may 2014-cü il tarixində Avropa İttifaqının Statistika Bürosu (Avrostat) və Fransanın Texniki Yardım konsorsiumu (Adetef) tərəfindən Gürcüstanın Tbilisi şəhərində təşkil olunmuş Milli hesablar sisteminə dair baza təlim kursunda iştirak etmişlər. Təlim Finlandiya Statistikasının Milli hesablar sistemi üzrə ixtisaslaşmış 4 ekspert tərəfindən keçirilmişdir.
Təlimdə 12 ölkənin (Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan, Ukrayna, Gürcüstan və Monqolustan) statistika orqanlarının 26 nümayəndəsi iştirak etmişdir. Təlimin əsas məqsədi MHS-2008-in əsas anlayışları, prinsipləri, metodoloji əsasları barədə iştirakçılara məlumat verməkdən ibarət olmuşdur.
Təlim zamanı Milli hesablar sisteminin yaranma tarixi, ehtiyat və istifadə cədvəlləri, MHS-də qiymətin və həcmin ölçülməsi, qeyri-maliyyə sektorunun hesabları, sektoral hesablar, maliyyə hesabları, rüblük milli hesablar, satellit hesablar və regional hesablara dair məsələlər müzakirə olunmuşdur.
Təlimin proqramı regional hesablara dair təqdimatla yekunlaşdırılmış, regional hesabların mahiyyəti, əsas konsepsiyalar, Avropa İttifaqının NUTS region təsnifatı, AHS-95 və AHS-2010 arasında olan fərqlər, regional hesablar üçün AHS-95-dən AHS-2010-na keçid kimi məsələlər müzakirə edilmişdir.
Yekun olaraq, regional hesabların inkişafı üçün nəzərdə tutulan AHS-2010-un tətbiqi, elmi-tədqiqat xidmətləri buraxılışının bölüşdürülməsi, kapitalın yığımında dəyişikliklər və dinamika sıralarının təkmilləşdirilməsi məsələləri açıqlanmışdır.