AZ    EN
logo

Cenevrə şəhərində su informasiya sistemi və suya dair məlumatların təqdim edilməsinə dair seminar və ekoloji göstəricilərə dair məqsədli işçi qrupun 8-ci sessiyası keçirilmişdir.

03.06.2014

2014-cü il may ayının 13-dən 15-dək Cenevrə şəhərində su informasiya sistemi və suya dair məlumatların təqdim edilməsinə dair seminar, ekoloji göstəricilərə dair məqsədli işçi qrupun 8-ci sessiyası keçirilmişdir.
Tədbirlərdə MDB-yə daxil olan dövlətlərin statistika orqanlarının və ekologiya nazirliklərinin əməkdaşları, eləcə də Gürcüstan, Makedoniya, Monteneqro, Serbiya, Bosniya və Herseqovinanın, Ətraf Mühit üzrə Avropa Agentliyinin, MDB Dövlətlərarası Statistika Komitəsinin, Mərkəzi Asiyanın Regional Ekoloji Mərkəzinin və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Azərbaycan Respublikasını bu tədbirlərdə Dövlət Statistika Komitəsinin Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin Ekologiya, meşə təsərrüfatı və balıqçılıq statistikası sektorunun müdiri R.Lazımova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin məsləhətçisi A.Yusifova təmsil etmişlər.
May ayının 13-də keçirilən su informasiya sistemi və suya dair məlumatların təqdim edilməsinə dair seminarın məqsədi çay və göl sularının keyfiyyətinin idarə olunması, əhalinin su və sanitar şəbəkələrdən istifadəsi, su resurslarına dair informasiyanın təqdim olunması üzrə milli informasiya sistemlərinin yaradılması sahəsində qabaqcıl praktika və təcrübənin bölüşdürülməsindən ibarət olmuşdur. Seminar iştirakçılarına Belarus, Moldova, Gürcüstan və Ermənistanın çay və göl sularının keyfiyyətinin idarə olunması sahəsindəki təcrübələri təqdim edilmişdir.
Ekoloji göstəricilərə dair məqsədli işçi qrupun 8-ci sessiyası ŞAQMA ölkələrində ekoloji göstəricilərin tətbiqinə dair “Ətraf mühit göstəricilərinin istifadəsi üzrə Tövsiyələr”də əks etdirilmiş 8 göstəricinin icmalına həsr olunmuşdur. Bunlar atmosfer havasına çirkləndirici maddələrin atılması, şəhər rayonlarnda atmosfer havasının keyfiyyəti, ozondağıdıcı maddələrin istehlakı, istilik effekti yaradan qazların atılması, çaylarda ammoniumum konsentrasiyası və oksigenə biokimyəvi tələbat, şirin sudakı biogen maddələr, mühafizə olunan ərazilər, tullantıların əmələ gəlməsi göstəriciləridir.
Milli agentliklərin veb-saytlarında onlayn rejimdəki göstəricilərin sayı ilə bağlı qeyd olunmuşdur ki, Azərbaycan üzrə 8 göstəricidən 5-i Dövlət Statistika Komitəsinin rəsmi veb saytında yerləşdirilir.
Sonda iştirakçı ölkələrə ekoloji göstəricilərin istehsalı və mübadiləsinə dair tövsiyələr verilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim