İsveçrənin Cenevrə şəhərində istehlak qiymətləri indeksinə dair ekspert qrupunun sessiyası keçirilmişdir
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qiymət statistikası şöbəsinin müdiri Elman Qasımzadə 26-28 may 2014-cü il tarixində BMT-nin Avropa İqtisadi Komissiyası və Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə İsveçrənin Cenevrə şəhərində keçirilmiş istehlak qiymətləri indeksinə həsr olunmuş ekspert qrupunun sessiyasında iştirak etmişdir.
İclasda Amerika Birləşmiş Ştatları, Avstriya, Fransa, İtaliya, Norveç, İsveç, İsveçrə, Finlandiya, Belçika, Böyük Britaniya, İrlandiya, İslandiya, Lüksemburq, Mərakeş, Niderland, Polşa, Serbiya, Sloveniya, Latviya, Estoniya, Rusiya, Ukrayna, Belarus, Moldova, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Tailand, Avstraliya, Kanada, Meksika, Çili, Yaponiya, Çin, Yeni Zellandiya, Cənubi Afrika, İsrail milli statistika orqanlarının mütəxəssisləri, eləcə də Avropa Mərkəzi Bankının, Beynəlxalq Əmək Təşkilatının, Avropa Statistika Bürosunun, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, MDB Dövlətlərarası Statistika Komitəsinin, Sakit Okean Birliyi Katibliyinin, Şərqi Afrika Statistika Tədris Mərkəzinin, Tiflis Dövlət Universitetinin, Britaniya Kolumbiya Universitetinin və Tokio Universitetinin nümayəndələri iştirak etmişlər.
İclasın ilk günü 2 işçi sessiya keçirilmişdir. Hər bir işçi sessiyada 2 mövzu üzrə (baza inflyasiya və keyfiyyət dəyişiklikləri və gedeonik yanaşmanın rolu) təqdimat keçirilmişdir. “Baza inflyasiya” üzrə təqdimatlar MDB Dövlətlərarası Statistika Komitəsi, Beynəlxalq Valyuta Fondunun, Ukraynanın Dövlət Statistika Komitəsi və Norveç Mərkəzi Statistika Bürosunun, “Keyfiyyət dəyişiklikləri və gedeonik yanaşmanın rolu” mövzusunda təqdimatlar isə Yeni Zellandiya və İsveçrə Federal Statistika ofisi tərəfindən təqdim edilmişdir.
Sessiyanın 2-ci və 3-cü iş günləri işçi qrupunun fəaliyyəti tam olaraq istehlak qiymətləri indeksinin hesablanması və qarşıya çıxan məsələləri əhatə etmişdir.
Sessiyanın gündəliyinə Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Beynəlxalq Valyuta Fondunun (BVF) birgə hazırladıqları “İQİ üçün təlimatlar: nəzəriyyə və təcrübə” metodoloji vəsaitinin 2004-cü il versiyasının yenilənməsi”, “Mövsümi malların müşahidəsi və daimi olmayan məhsullar üzrə qiymət indekslərinin hesablanması”, “İsrail təcrübəsində tərəvəz məhsullarının emprik illüstrasiya üzrə qurulmuş indeksləri”, “İnflyasiyanın real səviyyəsi”, “Yerli və idxal məhsullarının məlumatları üzrə hesablanmış istehlak qiymətləri indeksi”, “İnternet vasitəsilə geyim mallarının qiymətlərinin toplanması”, “Yeni texnologiyalar və yeni mənbələr”, “Skan olunmuş məlumatların imkanları və bu sahədə qarşıya çıxan suallar”, “İstehlak qiymətləri indeksində seçmə müşahidədə yarana biləcək səhvlər”, “Mobil telefonlar üzrə məlumatların işlənməsi metodologiyası”, “Xidmət sahəsində istehlak qiymətləri indeksinin hesablanması üzrə metodoloji izahlar”, “Kommersiya daşınmaz əmlakının qiymət indeksləri”, “Məlumatların keyfiyyətinin qorunması və idarə edilməsi” kimi mövzular daxil edilmişdir.
Sessiyanın gündəliyində mühüm yerlərdən birini tutan 2004-cü il metodologiyasının yenilənməsi versiyası iştirakçı dövlətlər tərəfindən müsbət fikirlərlə qarşılanmış və bu sahədə fikir mübadiləsinin aparılmasının vacibliyi vurğulanmışdır. Belə ki, mövcud metodologiyada keyfiyyət dəyişikliklərinə, impyutasiya proseslərinin aparılmasına, mövsümi amillərin qiymət indekslərinə təsirinin ölçülməsinə dair həm təcrübi, həm də nəzəri hissəsinin daha ətraflı şəkildə yazılması barədə iştirakçı ölkələrdən təkliflər irəli sürülmüşdür. Qeyd edilmişdir ki, hazırki metodologiyada müəyyən dəyişikliklərin aparılması üçün komissiya yaradılmalı və komissiyanın tərkibinə elmi tədqiqat institutları da cəlb edilməlidir.
Sessiyanın sonunda 2016-cı ildə keçiriləcək növbəti sessiyanın gündəliyi müzakirə olunmuş və gələcək işlərlə bağlı təkliflər qəbul olunmuşdur.