AZ    EN
logo

Cenevrə şəhərində “İnsan ehtiyatlarının idarə edilməsi və təlimi” mövzusu üzrə beynəlxalq seminar təşkil edilmişdir

29.10.2014

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndələri Kadrlar şöbəsinin müdiri Arif Hüseynov və baş məsləhətçi-hüquqşünas Səbinə Əhmədova 2014-cü il 15-17 oktyabr tarixində Avropa Statistikləri Konfransı Bürosunun təşəbbüsü əsasında Avropa Azad Ticarət Assosiasiyası ilə birlikdə Avropa İqtisadi Komissiyası tərəfindən Cenevrədə təşkil edilmiş “İnsan ehtiyatlarının idarə edilməsi və təlimi” üzrə keçirilmiş seminarda iştirak etmişlər.
Seminarın keçirilməsinin əsas məqsədi – insan resurslarının idarə olunması, onların inkişafı və təlimi sahələrində təcrübə mübadiləsindən ibarət olmuşdur.
İnsan resurslarının idarə olunması və təlimi üzrə seminarda dünyanın 35 ölkəsindən (Avstraliya, Albaniya, Bolqarıstan, Böyük Britaniya, Belarus, Danimarka, Finlandiya, Almaniya, Yunanıstan, Makedoniya, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Rusiya, Ukrayna və digərləri) statistika xidmətlərinin nümayəndələri iştirak edirdilər. Seminar mövzular üzrə ayrılmış 5 sessiya formatında keçirilmişdir.
Sessiyalarda yeni statistik metod və texnologiyalar, işçi heyətinin strateji planlaşdırılması, rəhbər heyətin ixtisas səviyyəsinin artırılması, əməkdaşlar arasında mədəniyyət, yeni əməkdaşların seçilməsi və təlimi, işçi heyətinin fəaliyyəti və inkişafının qiymətləndirilməsi göstəriciləri kimi mövzulara toxunulmuşdur. İşçi heyətinin inkişafının strateji planlaşdırılması məsələsində qeyd olunmuşdur ki, strategiyanın (proqramın) olması işçi heyətinin effektiv inkişafının ayrılmaz tərkib hissəsidir. Qeyd olunan sənədlərin işlənilməsi zamanı yalnız milli standartları deyil, eləcə də beynəlxalq standartları da nəzərə almaq lazımdır və onları balanslaşdırmaq mühüm şərtdir. Seminarda işçi heyətin seçilməsi, cavan əməkdaşların işdən azad edilməsi səbəbləri, müvəffəqiyyətlə çalışan əməkdaşların saxlanılması və motivasiyası mexanizmi məsələlərinə də toxunulmuşdur. İşçilərin mənəvi həvəsləndirilməsinin tətbiqi formaları xüsusən qeyd olunmuşdur.
Müzakirələrdə işçilərin təlimi və hazırlanmasının yeniləşməyə təsiri məsələləri müzakirə olunmuşdur. Müzakirələr və qərarların qəbulu üçün mühüm məsələlərdən biri statistika xidmətlərində təhsil prosesinin təşkili məsələsidir (təcrübə və təlim vasitələri, yeni metod və yanaşmaların tətbiqi, fasiləsiz təhsil və məsələlərin yaradıcı həlli metodları üzrə treninqlər və daha yüksək vəzifələrdə qərarların qəbulu prosesində mütəxəssis kimi ali rəhbər şəxslərin cəlb edilməsi). Həmçinin seminarda qeyd olunmuşdur ki, statistik təlim prosesində beynəlxalq əlaqələr mühüm əhəmiyyət daşıyır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim