Moskva şəhərində Beynəlxalq Müqayisələr Proqramı çərçivəsində “İnvestisiya mallarının ilkin qiymətlərinin dəqiqləşdirilməsi” mövzusu üzrə müşavirə keçirilmişdir
Dövlət Statistika Komitəsinin nümayəndəsi Qiymət statistikası şöbəsinin müdiri Elman Qasımzadə 2014-cü il 18-20 noyabr tarixlərində MDB ölkələrində Ümumi Daxili Məhsulun Beynəlxalq Müqayisələri çərçivəsində Moskva şəhərində “İnvestisiya mallarının ilkin qiymətlərinin dəqiqləşdirilməsi”nə dair keçirilmiş müşavirədə iştirak etmişdir.
İclas MDB regionu üzrə bu layihənin əlaqələndiricisi olan MDB Dövlətlərarası Statistika Komitəsi və Rusiya Federal Dövlət Statistika Xidməti (Rosstat) tərəfindən təşkil edilmişdir.
Müşavirədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan statistika orqanlarının mütəxəssisləri, həmçinin MDB Statistika Komitəsinin nümayəndələri iştirak etmişlər.
İclasın əsas məqsədi 2014-ci il üzrə təqdim edilmiş investisiya mallarının ilkin qiymətlərinin müzakirəsi olmuşdur.
İclasa MDB Statistika Komitəsinin sədr müavini A.E.Kosarev iştirakçı ölkələri salamlayaraq açılış etdi və qarşıda duran vəzifələr haqqında qısaca məlumat verdi. Bundan sonra iclasın gündəliyinə uyğun olaraq ayrı-ayrılıqda hər bir qrup üzrə malların qiymətlərinin müzakirəsi davam etdirilmiş, ümumilikdə iclasda17 mal qrupu olmaqla 481 məhsulun qiymətlərinin müzakirəsi aparılmışdır.
Müşavirənin gündəliyinə 2014-ci ilin məlumatları əsasında MDB ölkələrində Beynəlxalq Müqayisələrin aparılması üçün “Mühərrik, nasos və kompressorlar”, “Ümumi təyinat üçün maşın və avadanlıqlar”, “Kənd təsərrüfatı avadanlıqları”, “Alətlər”, “Metallurgiya, dağ-mədən sənayesi və tikintidə istifadə olunan maşın və avadanlıqlar”, “Yeyinti məhsullarının istehsalı üçün nəzərdə tutulmuş maşın və avadanlıqlar”, “Tekstil və yüngül sənaye üçün avadanlıqlar”, “Xüsusi təyinat üçün digər maşın və avadanlıqlar”, “Ofis avadanlıqları”, “Kompüterlər”, “Elektrik avadanlıqları”, “Rabitə avadanlıqları”, “Səhiyyə və optik avadanlıqlar”, “Digər avadanlıqlar”, “Qoşqular və avtomobillər”, “Proqram təminatı” qrupları üzrə diaqnostik cədvəllərin müzakirəsi daxil edilmişdir.
Təşkilatçılar müşavirədə MDB ölkələrinin müvafiq statistika sahələri üzrə mütəxəssisləri ilə birlikdə investisiya mallarının bütün qrupları üzrə diaqnostik cədvəlləri müzakirə etmişlər. Müşavirədə cəmi 481 adda mal müzakirə olunmuşdur. Müzakirələrdən sonra iştirakçı ölkələrin istehlak bazarlarında reprezentativ olmayan mallar, həmçinin yaxşı tanınmış və yüksək qiymət kateqoriyasına aid mallar investisiya mallarının siyahısından çıxarılmışdır.
Müşavirənin sonunda müzakirə olunmuş mallar üzrə aparılacaq bütün dəqiqləşmələrin nəticələrini 2015-ci ilin mart ayının sonuna qədər əlaqələndiricilərə göndərilməsi barədə razılıq əldə olunmuşdur.