AZ    EN
logo

Lüksemburq şəhərində “Statistik məlumatların və metaməlumatların mübadiləsi” (SDMX) mövzusunda təlim kursu keçirilmişdir

03.12.2014

Dövlət Statistika Komitəsinin nümayəndələri Qiymət statistikası şöbəsinin müdir müavini Rəşid Vəliyev və Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin sektor müdiri Vüqar Şahbazov 2014-cü ilin 19-21 noyabr tarixlərində Avrostatın təşkilatçılığı ilə Lüksemburq şəhərində “Statistik məlumatların və metaməlumatların mübadiləsi” (SDMX) mövzusunda keçirilmiş təlim kursunda iştirak etmişlər.
Tədbirin keçirilməsində əsas məqsəd Avropa konteksti çərçivəsində qəbul edilmiş və geniş istifadə olunan “Statistik məlumatların və metaməlumatların mübadiləsi” (SDMX) standartı ilə tanışlıq, onun yaradılması və işlənməsi alətləri, standartın digər ölkələrdə formalaşması, inkişaf etdirilməsi və milli səviyyədə bu sahə üzrə qarşıya çıxan çətinliklərin aradan qaldırılması olmuşdur.
Seminarda Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Livan, Əlcəzair və Ermənistanın statistika təşkilatlarının mütəxəssisləri iştirak etmişlər.
Seminar 3 gün ərzində təşkil olunmuş və SDMX-in yaranma tarixi və məqsədi, SDMX-in təsviri, tətbiqedilmə prosesi, məlumatların və metaməlumatların mübadiləsi üçün əsas SDMX obyektləri, strukturu və İT alətlərin qeyri-texniki təsviri, SDMX-in təcrübi istifadəsi və idarə edilməsi kimi mövzuları əhatə etmişdir.
Seminar zamanı qeyd edilmişdir ki, 2000-ci ilin əvvəllərində İKT-nin sürətlə inkişaf etməsi və elektron məlumatların mübadiləsinin sürətlənməsi nəticəsində müxtəlif növ məlumatlara olan tələbat əhəmiyyətli dərəcədə artmışdır. Bildirilmişdir ki, SDMX statistik məlumatları və metaməlumatları təsvir etmək üçün model, kompyuterlər arasında avtomatlaşdırılmış əlaqə standartı, standartlaşdırılan İT alətlərini dəstəkləyən texnologiya qismində çıxış edir.
SDMX standartının tətbiqi proseslərin daha effektli olması, etibarlılığın və inamın artması, internet vasitəsilə yayımların effektivliyinin yüksəlməsi üçün şərait yaradır. SDMX həmçinin məlumatların mübadiləsi məqsədilə məlumat və metaməlumatların mübadiləsi üçün standart formatlar (XML, EDIFACT) və metodlar (push, pull və data hub) təyin edir.
XML formatının EDIFACT formatından üstünlüyü onun daha geniş, sadə və açıq şəkildə istifadə edilməsidir. Push metodu ilə məlumatların mübadiləsi XML və ya EDIFACT formatlarında işlənmiş məlumatların məlumatları istehsal edən təşkilat tərəfindən məlumatları sorğu edən təşkilata ötürülməsidir. Pull, həmçinin data hub metodu ilə məlumatların mübadiləsi XML və ya EDIFACT formatlarında işlənmiş məlumatların məlumatları istehsal edən təşkilatın müvafiq məlumat bazasından yüklənməsidir.
Seminarın sonuncu günü SDMX standartı üzrə İsveçrədən dəvət olunmuş mütəxəssis (Jean-François Fracheboud) SDMX tətbiqi üzrə İsveçrə təcrübəsi ilə bağlı təqdimat etmişdir. Təqdimat zamanı SDMX Editor (SAE – SMS Metadata Editor) proqramı barədə məlumat verilmiş və bildirilmişdir ki, bu proqram vasitəsilə SDMX-i bir neçə proqram dilinə (Orakl, SQL, SAS, XML və s.) keçirir və bu proqramın ilkin (demo) versiyasını www.sdmx.ch saytından əldə etmək olar və proqramın tam versiyası ödənişlidir.
Seminarın son günü iştirakçı dövlətlərin nümayəndələri SDMX-lə bağlı öz fikirlərini bildirmişlər və çıxışlar olmuşdur. Dövlət Statistika Komitəsinin nümayəndələri öz çıxışılarında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində SDMX standartının artıq bir neçə növünün (ESS Standard for Quality Reports Structure (release 1, October 2010) və EURO-SDMX Metadata Structure (release 3, March 2009)) tətbiq edildiyi barədə məlumat vermişlər. Həmçinin bildirilmişdir ki, Skayp vasitəsilə 03.12.2014, 28.01.2015-ci və 21.04.2015-ci il tarixlərində Metaməlumatların idarə olunması, 23.01.2015 və 06.05.15-ci il tarixlərində SDMX Registry ilə bağlı veb seminar təşkil ediləcəkdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim