AZ    EN
logo

Xorvatiyanın Zaqreb şəhərində INOGATE-in energetika statistikası üzrə mütəxəssislər şəbəkəsinin iclası və Energetika statistikası üzrə Fəaliyyət planları çərçivəsində (2012-2014-cü illər) INOGATE Beynəlxalq konfransı keçirilmişdir

08.12.2014

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Sənaye və tikinti statistikası şöbəsinin müdiri H.Dadaşov, Energetika Nazirliyi Apratının rəhbəri İ.Hüseynov və Enerji effektivliyi şöbəsinin müdiri A.Mürsəliyev Avropa İttifaqının INOGATE Texniki Katibliyinin INOGATE Proqramı çərçivəsində 25-27 noyabr 2014-cü il tarixlərində Xorvatiyanın Zaqreb şəhərində INOGATE-in energetika statistikası üzrə mütəxəssislər şəbəkəsinin iclası və Energetika statistikası üzrə Fəaliyyət planları çərçivəsində (2012-2014-cü illər) əldə edilən nailiyyətlərə və energetika statistikası, enerji balansları və planlaşdırılması üçün məlumatların keyfiyyətinin yüksəldilməsinin mühümlüyünə həsr olunmuş INOGATE Beynəlxalq konfransında iştirak etmişlər.
Xorvatiya Energetika İnstitutunda (EİHP) təşkil olunmuş iclasda Azərbaycanın, Gürcüstanın, Moldovanın, Ukraynanın, Qırğızıstanın, Tacikistanın, Qazaxıstanın, Belarusun, Ermənistanın və INOGATE-in nümayəndələri ilə yanaşı Beynəlxalq Energetika Agentliyinin (BEA), Avrostatın Avropa Komissiyasının, Avropanın Energetika Cəmiyyətinin, Xorvatiya Energetika İnstitutunun və Statistika Bürosunun nümayəndələri iştirak etmişlər.
Tədbirdə Xorvatiya Energetika İnstitutunun baş direktoru Qoran Qraniç, Avropa Komissiyasından Mikael Şivaçanna, INAGATE-nin Texniki Katibliyindən Qloriya Aginaldo, BEA-nın nümayəndəsi Pyer Bualo, Avropanın Energetika Cəmiyyəti Katibliyindən Milka Mumoviç çıxış edərək INPGATE layihəsi çərçivəsində son üç il ərzində layihəyə cəlb edilmiş ekspertlərlə Tərəfdaş-ölkələrin birgə gördükləri işlərdən, əldə edilmiş nailiyyətlərdən bəhs etmişlər. INOGATE Tərəfdaş-ölkələrin energetika qurumlarını (nazirliklərini) təmsil edən nümayəndələri öz çıxışlarında ölkələrində energetika sahəsində siyasətin hazırlanması və qərarların qəbul edilməsinə energetika statistikasının inteqrasiya olunması vəziyyəti haqqında məlumat vermişlər. Azərbaycan tərəfindən Energetika Nazirliyinin enerji effektivliyi şöbəsinin müdiri Amil Mürsəliyev çıxış etmişdir.
INOGATE Tərəfdaş-ölkələrdə 2012-2014-cü illərdə energetika statistikası üzrə Fəaliyyət planları çərçivəsində əldə edilən nailiyyətlərlə bağlı çıxış edən INAGATE Texniki Katibliyinin eksperti A.Kinderman layihə tərəfindən energetika statistikası sahəsində görülmüş tədbirlərin ümumi şərhini vermiş, Azərbaycanla bağlı hesabatında ekspert energetika statistikasının beynəlxalq standartlara uyğun olaraq çox yüksək səviyyədə olduğunu və bu ölkənin təcrübəsinin digər Tərəfdaş-ölkələr üçün yaxşı nümunə ola biləcəyini vurğulamışdır.
Hər bir təqdimatdan sonra seminar iştirakçıları arasında toxunulmuş mövzularla bağlı müzakirələr aparılmışdır.
Növbəti iki gün Energetika statistikası üzrə fəaliyyət planları çərçivəsində əldə edilən nailiyyətlərə və energetika statistikası, enerji balansları və planlaşdırılması üçün məlumatların keyfiyyətinin yüksəldilməsinin mühümlüyünə həsr olunmuş INOGATE Beynəlxalq konfransı keçirilmişdir.
Konfrans təşkilatçılarının qısa çıxışlarından sonra konfrans öz işinə başlamışdır. Konfrans altı sessiyadan ibarət olmuşdur. 1-ci sessiyada “2012-2014-cü illərdə energetika statistikası sahəsində INOGATE Tərəfdaş-ölkələrin arasında əməkdaşlığın vəziyyəti”, 2-ci sessiya “2012-2014-cü illərdə INOGATE Tərəfdaş-ölkələrdə energetika statistikası üzrə Fəaliyyət planları çərçivəsində əldə edilmiş nailiyyətlər”, 3-cü sessiya “Milli perespektivlər: daha təhlükəsiz, ekoloji təmiz və səmərəli energetikanın gələcəyi üçün məlumatların keyfiyyətinin yüksəldilməsinin mühümlüyü”, 4-cü sessiya “Beynəlxalq perespektivlər: gələcəyin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz və səmərəli energetikası üçün məlumatların keyfiyyətinin yüksəldilməsi”, 5-ci sessiya “Məlumatların keyfiyyətinin yaxşılaşdırılması üzrə tövsiyələr və onların energetikanın inkişafı planlarına təsiri”, 6-cı sessiya “INOGATE Tərəfdaş-ölkələr üçün maraq kəsb edən prioritet məsələlərin və sahələrin, energetika statistikasının, enerji balanslarının və planlaşdırılmasının (INOGATE Texniki Katibliyinin sədrliyi altında) məlumatlarının keyfiyyətinin yaxşılaşdırılması” mövzularına həsr olunmuşdur.
Sonda hər bir Tərəfdaş-ölkə 2015-ci ildə INOGATE-nin texniki dəstəyi ilə ölkələr üçün energetika statistikası sahəsində prioritet hesab etdikləri məsələlərlə bağlı öz fikir və təkliflərini bildirmişlər.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim