AZ    EN
logo
image

Avstriyanın Vyana şəhərində “Sənaye müayinələrində tətbiq olunan statistik hesabat formalarına dair” regional seminar keçirilmişdir

08.12.2014

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Sənaye və tikinti statistikası şöbəsinin müdiri Hacıbala Dadaşov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənayenin İnkişafı Təşkilatının (UNIDO) layihəsi çərçivəsində 20-21 noyabr 2014-cü il tarixlərində Avstriyanın Vyana şəhərində təşkil olunmuş regional seminarda iştirak etmişdir. Sənaye müayinələrində tətbiq olunan statistik hesabat formalarına dair regional seminarda Azərbaycanla yanaşı MDB Statistika Komitəsinin, Rusiya Federasiyasının, Ukraynanın, Belarusun, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Qırğızıstanın, Türkmənistanın, Moldovanın, Ermənistanın, UNIDO-nun nümayəndələri və ekspert qismində dəvət olunmuş İ.Ulyanov və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri Nuru Süleymanov da iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan UNIDO-nun baş statistiki Ş.Upadyaya sənaye statistikası sahəsində tətbiq olunan hesabat formalarında əks olunan göstəricilərin beynəlxalq səviyyədə müqayisəliliyinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, hesabat formalarının məlumatların yığılmasında zəruri alət olduğunu, əsas göstəricilərin vahid bir hesabat formasında cəmlənməsinin müsbət hal olduğunu qeyd etmişdir.
Növbəti təqdimat “Beynəlxalq tövsiyələrə uyğun olan sənaye statistikası göstəriciləri” mövzusuna dair UNIDO-nun eksperti İ.Ulyanov tərəfindən olmuşdur. Məruzəçi sənaye statistikası sahəsində tətbiq olunan hesabat formalarında əks olunan göstəricilərin beynəlxalq səviyyədə müqayisəliliyinin təmin edilməsində “Sənaye statistikası üzrə beynəlxalq tövsiyyələrdə” (İRİS 2008-ci il) sənaye fəaliyyətinin təhlil edilməsi üçün tələb olunan əsas göstəricilərin vahid bir hesabat formasında cəmlənməsinin mühümlüyünü bir daha vurğulamışdır. Qeyd edildi ki, tövsiyələrə görə sənaye fəaliyyətinin təhlil edilməsi üçün tələb olunan əsas göstəriciləri aşağıdakı 13 qrupa bölmək mümkündür. Bildirmişdir ki, sənaye fəaliyyətinin təhlil edilməsi üçün səmərəlilik göstəricilərinin hesablanmasında bu göstəricilər qrupu əhəmiyyətli rol oynayır. Səmərəlilik göstəricilərini illik dövrülükdə NACE (rev.2) üç işarə səviyyəsində, rüblük dövrülükdə isə iki işarə səviyyəsində hesablamaq mümkündür.
Ekspert bu sahədə Azərbaycanın təcrübəsini seminar iştirakçılarına nümunə göstərərək qeyd etmişdir ki, bu ölkənin Dövlət Statistika Komitəsi müxtəlif hesabat formalarından olan göstəricilərin müqayisəliliyinə xüsusi olaraq hazırlanmış kompüter məhsulunun – “Keyfiyyətə nəzarət cədvəlləri”nin köməyi ilə nəzarət edir. Belə nəzarət cədvəllərinin tətbiqi, yoxlanması tələb olunan göstəricilərin müəyyən edilməsi ilə bağlı statistiklərə məlumat verir.
Növbəti təqdimat “UNIDO-nun sorğu forması – sənaye sahəsində illik müayinələrin aparılması üçün vahid sorğu formasına bir nümunədir” mövzusuna həsr olunmuşdur.
UNIDO-nun təklif etdiyi vahid sorğu forması arayış sənədi kimi işlənib-hazırlanmışdır və İRİS 2008-ci ilin illik müayinələrin aparılması üçün tövsiyə olunan bütün məlumatları əhatə edir.
Seminarın birinci gününün ikinci yarısı Rusiya, Ukrayna, Belarus, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Ermənistan nümayəndələri sənayedə istifadə etdikləri hesabat formaları, onlarda əks olunan statistik göstəricilər, məlumatların toplanması üsulları barədə təqdimatlarla çıxış etmişlər.
Seminarın ikinci günü nümayəndələrimiz tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təcrübəsini əks etdirən təqdimatlarla davam etdirilmişdir. İlk öncə Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri N.Süleymanov “Dövlət Statistika Komitəsində vahid hesabat formasının tətbiq olunması”na dair təqdimatla çıxış edərək, “Müəssisənin (təşkilatın) istehsal fəaliyyəti, maliyyə nəticələri və əmlakı haqqında” 1-müəssisə nömrəli rəsmi statistika hesabatının yaranmasının səbəbləri, tərtib olunması, hesabatın tətbiqinin üstünlükləri, məlumatların yığılma üsulları ilı bağlı seminar iştirakçılarına ətraflı məlumat vermişdir. Təqdimat UNIDO-nun ekspertləri və seminar iştirakçıları tərəfindən müsbət qarşılanmışdır.
İkinci təqdimatda Sənaye və tikinti statistikası şöbəsinin müdiri Hacıbala Dadaşovun Azərbaycanda sənaye sahəsində istifadə olunan statistik hesabatlar, hesabatlar üzrə məlumatların toplanmasının üsulları, hesabat və göstəricilər üçün hazırlanmış metaməlumatlar haqqında verdiyi ətraflı məlumat iştirakçılar və UNIDO-nun nümayəndələri tərəfindən maraqla qarşılanmışdır. Dövlət Statistika Komitəsinin internet səhifəsində statistik göstəricilərə dair SDMX formatında metaməlumatların mövcudluğu nümunəvi hal kimi qeyd edilmişdir.
Tədbirin sonuncu təqdimatında Ş.Upadyaya UNIDO tərəfindən toplanan göstəricilərin minimal siyahısından bəhs edərək, bildirdi ki, hal-hazırda UNIDO ölkələrdən sənaye üzrə məlumatları BMT-nin Statistika komissiyasının mandatına uyğun olaraq toplayır.
Ş.Upadyaya Azərbaycanın və Moldovanın sənaye statistikası sahəsində əldə etdikləri uğurları qeyd edərək, eyni zamanda Azərbaycanın UNİDO-ya bütün tələb olunan məlumatları təqdim edən yeganə ölkə olduğunu da xüsusi olaraq vurğulamışdır.
Seminarın yekununda UNIDO-nun eksperti Ş.Upadyaya seminar iştirakçılarına müraciət edərək Azərbaycan və Moldavanın sənaye statistikası sahəsindəki təcrübələrindən yararlanmağı tövsiyə etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim