Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının və İran İslam Respublikası Statistika Mərkəzinin BMT-nin Statistika Şöbəsi ilə birgə təskil etdikləri “Rüblük milli hesabların tərtibi” mövzusu üzrə seminar keçirilmişdir
Dövlət Statistika Komitəsinin Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin baş məsləhətçisi Sevinc Fəttahova 2015-ci il martın 8-dən 11-dək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Statistik tədqiqat və təlim mərkəzi və BMT-nin Statistika Şöbəsi (UNSD) ilə Tehranda birgə təşkil etdiyi “Rüblük milli hesabların tərtibi” mövzusu üzrə keçirilmiş regional seminarda iştirak etmişdir.
Seminarda Azərbaycan, Pakistan, Qırğızıstan, Tacikistan, Türkiyə və İranın milli statistika orqanlarının mütəxəssisləri, BMT-nin statistika şöbəsinin nümayəndələri iştirak etmişlər.
Regional seminarın keçirilməsində əsas məqsəd rüblük milli hesablar (RMH), onların tərtib edilməsinin vacibliyi, əhatə dairəsi, məlumat mənbələri və hazırlanması metodikası barədə iştirakçıların məlumatlandırılması və eyni zamanda ölkələrin bu sahədə qarşılaşdıqları problemlərin və digər məsələlərin müzakirəsi olmuşdur.
Seminarın ilk günündə İqtisadi Əməkdaşlıq Təşkilatı Baş katibinin müavini, Statistik tədqiqat və təlim mərkəzinin rəhbəri və BMT-nin Statistika Şöbəsinin nümayəndələri çıxış edərək seminarın məqsəd və əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, RMH-nın tərtib olunmasının əsas məqsədi iqtisadiyyatda baş verən cari dəyişikliklər barədə məlumat əldə etməkdən ibarətdir. Beynəlxalq tövsiyələrə görə daha keyfiyyətli təhlilin aparılması üçün məlumatlar dinamika şəklində olmalıdır.
Müqayisəli qiymətlərdən danışılarkən deflyasiya, ekstropolyasiya, ikili deflyasiya metodları əhatə edilmişdir. Məlumat verilmişdir ki, müqayisəli qiymətlərə kecmək ücün istehsal sahələrində istehsalçıların qiymət indeksləri, ticarət və digər xidmət sahələrində istehlakçı qiymətləri indeksləri, qeyri-bazar xidməti göstərən sahələr üçün məşğulluq indeksi götürülə bilər.
Daha sonra mövsümi düzəlişlərdən və onların tətbiqindən danışılmış, qeyd olunmuşdur ki, mövsümi düzəlişlər iqtisadi inkişafın dinamikasını izləməyə, həmçinin baş vermiş dəyişikliklərin miqyası və istiqaməti barədə məlumat almağa imkan verir. Daha keyfiyyətli nəticələri əldə etmək üçün mövsümi düzəlişlər uzunmüddətli dinamika sıralarına tətbiq edilməlidir.
RMH-da əhəmiyyət kəsb edən məsələlərdən biri də rüblük və illik milli hesabların bir-birinə uyğunluğunun təmin olunmasıdır. Bunun üçün bençmarkinq (uyğunlaşdırma) metodundan istifadə olunur. Bençmarkinq üçün xüsusi proqramlar vardır. Bunlar BENCH, ECOTRIM və XLBPM proqramlarıdır. Bu proqramlardan istifadə olunması məlumatların keyfiyyətini artırır və gələcək dəqiqləşdirmələri asanlaşdırır.
Ekspertlərin təqdimatları ilə yanaşı başqa ölkə nümayəndələrinin çıxışları da dinlənilmişdir. Dövlət Statistika Komitəsinin nümayəndəsi “Azərbaycanda rüblük milli hesablar” adlı təqdimatla çıxış etmiş və iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.
Sonda BVF-nun Statistika Şöbəsinin eksperti tərəfindən rüblük məlumatlara yenidən baxılma siyasəti, onların yayımlanması praktikası haqqında geniş məlumat verilmişdir.