AZ    EN
logo

Cenevrə şəhərində “Statistik məhsulun modernləşdirilməsi” mövzusu üzrə seminar keçirilmişdir

01.05.2015

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsi müdirinin müavini Çimnaz Əliyeva 15-17 aprel 2015-ci il tarixində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), Statistik İstehsal və Xidmətlərin Modernləşdirilməsi üzrə Yüksək Səviyyəli Qrup, İstehsal və Metodlara dair Modernləşdirmə Komitəsi və Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) birgə təşkilatçılığı ilə İsveçrənin Cenevrə şəhərində “Statistik məhsulun modernləşdirilməsi” mövzusunda keçirilmiş seminarda iştirak etmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd, statistik məhsula təsir edəcək biznes və informasiya texnologiyaları (İT) dəyişiklikləri, müəssisə arxitekturası və onun statistik məhsulun modernləşdirilməsində rolu və texnologiyalarda innovasiya və modernləşdirilmə üçün münasib olan metodlar üzərinə diqqəti cəlb etmək idi.
Tədbirdə Avrasiya İqtisadi Komissiyası, Beynəlxalq Valyuta Fondu (İMF), Beynəlxalq Ödəmə Bankı (BİS), Avrostat, Beynəlxalq Əmək Təşkilatı (İLO), Ümumdünya Ticarət Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), UNESCO, BMT-nin Sənaye inkişafı təşkilatının (UNİDO) nümayəndələri və Azərbaycan da daxil olmaqla Avstraliya, Norveç, İrlandiya, Monteneqro, Polşa, Makedoniya, Amerika Birləşmiş Ştatları, Kanada, Koreya Respublikası, Macarıstan, İsveç, Ukrayna, Türkiyə, Bolqarıstan, İsrail, Rusiya Federasiyası, İsveçrə, Xorvatiya, Finlandya, İtaliya, Böyük Britaniya, Estoniya, Almaniya, Yeni Zelandiya və Sloveniyanın milli statistika qurumlarının nümayəndələri iştirak etmişlər.
Seminarda statistik məhsula təsir edə biləcək biznes və İT dəyişiklikləri, müəssisə arxitekturası və onun statistik məhsulun modernləşdirilməsində rolu, texnologiyalarda innovasiya və modernləşdirilmə üçün münasib olan metodlara dair mövzular müzakirə olunmuşdur. Tədbirdə İspaniya, Niderland, Koreya Respublikası, Kanada və İtaliyanın təcrübəsi nümayiş olunmuşdur. İspaniya nümayəndələri ilkin məlumatların redaktə olunması sahəsində öz milli təcrübələri haqda danışmışlar. Niderlanddan olan nümayəndə BMT-nin Avropa İqtisadi Komissiyasının “Big Data Sandbox” layihəsi haqqında geniş məlumat vermişdir. Koreya Respublikası, Kanada və İtaliyadan olan nümayəndələr real vaxt rejimində məlumatların toplanması, emalı və redaktə olunmasında İT-nin rolu və istifadə olunan məlumat bazaları və proqramlaşdırma dili haqqında geniş məlumat vermişlər. Tədbirin sonunda texniki avadanlıqların istismarının mənimsənilməsi yollarının (machine learning) rəsmi statistiakada rolu haqqında müzakirələr aparılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim