Məşğulluq statusu üzrə beynəlxalq təsnifatın yenidən işlənib hazırlanması ilə əlaqədar yaradılmış İşçi Qrupun Cenevrə şəhərində görüşü keçirilmişdir.
Əmək, məşğulluq və işçi qüvvəsindən tam istifadə olunmaması statistikası üzrə Əmək Statistiklərinin 19-cu Beynəlxalq Konfransının qətnaməsindən irəli gələn yeni standartlar əsasında Məşğulluq statusu üzrə beynəlxalq təsnifatın yenidən işlənib hazırlanması məqsədilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən yaradılmış İşçi qrupun birinci görüşü 2015-ci il may ayının 6-8-də Cenevrə şəhərində keçirilmişdir. İşçi qrupun üzvü kimi Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsi müdirinin müavini Nemət Xuduzadə bu görüşdə iştirak etmişdir.
Görüşün əsas məqsədi 1993-cü ildə qəbul edilmiş Məşğulluq statusu üzrə beynəlxalq təsnifatın (MSBT) Əmək Statistiklərinin 19-cu Beynəlxalq Konfransının qətnaməsindən irəli gələn yeni standartlar əsasında yenidən işlənib hazırlanması üçün müvafiq müzakirələrin aparılması olmuşdur.
Görüşdə İşçi qrupuna üzv olan ölkələrin - Avstraliya, ABŞ, Argentina, Azərbaycan, Almaniya, Meksika, Çili, İsveçrə, Finlandiya, İngiltərə, Hindistan, Çin və Cənubi Afrika Respublikası milli statistika orqanlarının və beynəlxalq təşkilatların (Avrostat, BƏT, Yaşayış və İş şəraitinin yaxşılaşdırılması üzrə Avropa Fondu (Avrofond) və Qloballaşan İqtisadiyyatın Qeyri-formal sektorunda Qadınlar (WIEGO)) mütəxəssisləri iştirak etmişdir.
Beynəlxalq təşkilatların mütəxəssisləri tərəfindən mövcud məşğulluq standartlarının dəyişdirilməsi və genişləndirilməsi üzrə BƏT-in vəzifələri, əmək statistikası üzrə yeni standartlar, “əmək” və “əməyin formaları” anlayışları, işçi qüvvəsindən tam istifadə olunmamasının qiymətləndirilməsi, işçi qüvvəsindən kənar qalan əhalinin və əmək qabiliyyətli əhalinin təsnifləşdirilməsi ilə bağlı təqdimatlar olmuş və geniş müzakirələr aparılmışdır.
Eyni zamanda, rəsmi müqavilə əsasında evdə çalışan işçilər, müntəzəm məşğulluq, müstəqil və tabeçilikdə olan işçilər, könüllülük əsasında görülən işlər və onların milli səviyyədə tətbiqi ilə bağlı Avstraliya, İsveçrə və Meksika təcrübələri müzakirə olunmuşdur.
Tədbirin sonunda, növbəti görüşün cari ilin sonunadək təşkil edilməsi, bu dövrədək işçi qrupun üzvləri arasında müzakirələrin elektron poçt vasitəsilə aparılması razılaşdırılmışdır.