Dövlət Statistika Komitəsində BMT-nin Əhali Fondunun nümayəndələri ilə görüş keçirilib
Oktyabr ayının 19-da Dövlət Statistika Komitəsinin sədri cənab Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Türkiyədəki Nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Ölkə direktoru cənab Karl Kulessa ilə görüşüb.
Komitənin sədri Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun ölkəmizdə səmərəli fəaliyyət göstərdiyini qeyd edib. O, Dövlət Statistika Komitəsi ilə Millətlər Təşkilatının Əhali Fondunun arasındakı əməkdaşlıq münasibətlərindən məmnun olduğunu bildirib. Əhali Fondu ölkədə reproduktiv sağlamlıq xidmətləri ilə təmin edilməsi və bu xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Azərbaycan hökumətinə davamlı dəstək göstərir, eyni zamanda əhali və inkişaf üzrə məlumatın toplanması və təhlili, əhali və gender məsələlərini inkişaf planlarına inteqrasiya etmək üçün dövlət təşkilatlarının təşkilati və texniki bacarıqlarının gücləndirilməsinə də yardım edir.
Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edildi. Cənab Karl Kulessa ölkədə dövlətin demoqrafiya və əhali sakinliyi sahəsinə xüsusi diqqət ayırmasından, respublikanın müsbət demoqrafik göstəricilərindən məmnunluğunu ifadə etdi. Eyni zamanda, cənab Karl Kulessa uşaqların cinsə görə nisbətinin pozulması məsələsinə toxundu. O bildirdi ki, bu məsələ cəmiyyətdə mənfi fəsadların yaranması ilə nəticələnə bilər. Ona görə də dünyanın hər yerində uşaqların cinsə görə nisbətinin pozulması məsələsi ilə mübarizə aparılmalıdır.
Görüşdə qonaqları maraqlandıran suallara cavab verildi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sonda cənab Karl Kulessa bu görüşdən razı qaldığını və səmimi qəbula görə öz minnətdarlığını bildirdi