AZ    EN
logo

Kənd təsərrüfatı və kənd yerlərinin statistikasının təkmilləşdirilməsinə dair Qlobal Strategiya üzrə iclasın yekunları haqqında

23.10.2015

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin nümayəndələri Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin müdiri Rəşad Bayramov, şöbənin kənd təsərrüfatı statistikası sektorunun müdiri Gündüz Məmmədov və baş məsləhətçi İlqar Vəliyevlə 13-15 oktyabr 2015-ci il tarixdə Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika Komitəsi tərəfindən təşkil edilmiş "Kənd təsərrüfatı və kənd yerlərinin statistikasının təkmilləşdirilməsinə dair Qlobal Strategiya"nın MDB regionunda həyata keçirilməsinə dair seminarda və Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin statistika xidmətlərinin rəhbərlərinin 54-cü iclasında iştirak etmişlər.
13-14 oktyabr tarixlərində keçirilmiş seminarın əsas məqsədi Dünya Bankı və BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) tərəfindən hazırlanmış "Kənd təsərrüfatı və kənd yerlərinin statistikasının təkmilləşdirilməsinə dair Qlobal Strategiya"nın MDB regionunda həyata keçirilməsi və bu zaman qarşıya çıxan problemlərin birgə həll yollarının müzakirə edilməsindən ibarət olmuşdur.
Sözü gedən tədbirdə BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatından (FAO) MDB Statistika Komitəsindən, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrdən Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Moldova və Ermənistandan, eyni zamanda Tacikstanın müxtəlif komitə və nazirliklərindən mütəxəssislər iştirak etmişlər.
Seminarın ilk günü qeyd edilmişdir ki, Dünya Bankı və BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) tərəfindən hazırlanmış "Kənd təsərrüfatı və kənd yerlərinin statistikasının təkmilləşdirilməsinə dair Qlobal Strategiya" Qlobal Strategiya milli və beynəlxalq statistika sistemləri üçün kənd təsərrüfatına dair müqayisə edilə biləcək əsas məlumat və göstəricilərin formalaşdırılmasına imkan verəcək və onun həyata keçirilməsi hər bir ölkənin statistik potensialından asılı olacaqdır. Bu məqsədlə Qlobal Strategianın 5 regionda (Afrika, Latın Amerikası və Karib hövzəsi, Yaxın Şərq, Asiya və Sakit Okean, MDB) həyata keçirilməsi nəzərdə tutulur.
Strategiya kənd təsərrüfatı və kənd yerlərinin statistikasına dair göstəricilərin hazırlanması zamanı 3 aspektdən (iqtisadi, sosial və ekoloji) yanaşma tələb edir. Belə ki, iqtisadi aspekt kənd təsərrüfatı istehsalını, təsərrüfatları, bazarları və qeyri-kənd təsərrüfatından olan gəlirləri, sosial aspekt ərzaq təhlükəsizliyini, gender statistikasını və risklərin idarə edilməsini, ekoloji aspekt isə ətraf mühit, bitki örtüyü, bio yanacaq üçün kənd təsərrüfatı məhsullarının istehsalını və s. əhatə edir.
Birinci mərhələnin 2013-2017-ci illəri əhatə etməsi nəzərdə tutulur. İlk öncə, ölkələrdəki mövcud statistika sistemini qiymətləndirmək məqsədi ilə iki hissədən (birinci hissə milli statistika xidmətlərinə, ikinci hissə isə digər statistik məlumat mənbələrinə aiddir) ibarət sorğu vərəqi göndərilmiş və bütün ölkələr üçün müqayisə edilə biləcək əsas göstəricilərdən ibarət minimal dəst müəyyən edilmişdir.
İkinci mərhələdə isə ölkələr üzrə 33 elementdən ibarət göstəricilər dəsti müəyyənləşdiriləcək ki, bu dəst kənd təsərrüfatının bütün bölmələrini əhatə edəcəkdir.
Ümumi müzakirələrdən sonra qərara alınmışdır ki, noyabr ayının 1-nə kimi hər bir ölkə yuxarıda qeyd edilmiş həm minimal göstəricilər dəstinə, həm də 33 elementdən ibarət böyük göstəricilər dəstinə dair öz irad və təkliflərini MDB Dövlətlərarası Statistika Komitəsinə göndərsin və orada daxil edilmiş təkliflər əsasında bu göstəricilər dəstlərinin yekun variantı hazırlansın.
İclasın ikinci günü MDB ölkələrində kənd təsərrüfatı statistikasının vəziyyəti, həlli vacib olan məsələlər müzakirə olunmuş, üzv ölkələrin nümayəndələri tərəfindən çıxışlar edilmişdir.
Azərbaycan nümayəndə heyəti tərəfindən kənd təsərrüfatının siyahıyaalınması, Ukrayna nümayəndə heyəti tərəfindən kənd təsərrüfatı statistikasının yenidən qurulması, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan nümayəndə heyətləri tərəfindən kənd təsərrüfatı statistikası sahəsində mövcud vəziyyət barədə məlumat verilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim