AZ    EN
logo
image

Dövlət Statistika Komitəsinin mütəxəssisi Çin Xalq Respublikasının rəsmi nümayəndələri üçün Beynəlxalq Əmək Təşkilatı tərəfindən təşkil edilmiş təlim kursunda iştirak etmişdir

06.11.2015

Əmək bazarının göstəriciləri sistemi çərçivəsində layiqli əməyin səviyyəsinin öyrənilməsi və keyfiyyətli məşğulluğun qiymətləndirilməsi ilə bağlı 2015-ci il oktyabr ayının 27-də İsveçrənin Cenevrə şəhərində Çin Xalq Respublikasının İnsan Resursları və Sosial Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxsləri üçün Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təlim kursu təşkil edilmişdir.
Layiqli əməyə dair göstəricilərin əldə olunması sahəsində müvafiq təcrübəyə malik, həmçinin BMT-nin Avropa İqtisadi Komissiyasının Keyfiyyətli məşğulluğun ölçülməsi üzrə ekspert qrupunun üzvü olduğunu nəzərə alaraq, tədbirdə BƏT tərəfindən dəvət olunmuş Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsi müdirin müavini Nemət Xuduzadə, eləcə də Almaniya Federal Statistika İdarəsinin mütəxəssisi cənab Tomas Koerner və BƏT-in mütəxəssisi xanım Monika Kastillo iştirak etmişlər.
Kursun keçirilməsinin məqsədi nazirliyin nümayəndələrini layiqli əməyin ölçülməsi, keyfiyyətli məşğulluğun qiymətləndirilməsi sahəsində beynəlxalq səviyyədə həyata keçirilmiş tədbirlər ilə tanış etmək və bu sahədə milli və beynəlxalq təcrübəni öyrətməkdən ibarət olmuşdur.
Kursda Çin Xalq Respublikasında milli və regional səviyyədə məşğulluqla bağlı siyasi və qanunvericilik sahəsində çalışan 8 nəfər (İnsan Resursları və Sosial Təhlükəsizlik Nazirliyinin İşədüzəltmə və Məşğulluq Assosiasiyasının vitse-prezidenti, icra katibi, regional idarələrinin rəhbərləri, Əməkdaşlıq layihəsi departamentinin direktoru, nazirliyin İnformasiya mərkəzinin rəisi) iştirak etmişdir. Eyni zamanda, tədbirdə Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəliyinin rəhbəri və onun birinci katibi iştirak etmişdir.
Tədbirdə məruzəçilər layiqli əməyin və keyfiyyətli məşğulluğun strukturu, hüquqi əsasları, onlara aid göstəricilərin uyğunluğu və fərqliliyi və s. mövzularda, eyni zamanda Nemət Xuduzadə “Azərbaycanda layiqli əməyin ölçülməsinə dair milli təcrübə və keyfiyyətli məşğulluğun qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış etmişdir.
Bununla yanaşı, əmək statistikasına dair yeni beynəlxalq standartlar, o cümlədən iş yerlərinin yaradılmasında kəmiyyət göstəricisindən keyfiyyətli məşğulluğa keçid prosesinin aparılması, onların hüquqi əsasları, metodologiyaları, layiqli əməyə dair göstəricilərin milli səviyyədə əldə olunması və onların beynəlxalq müqayisəliliyinin təmin edilməsi və Əmək statistiklərinin 19-cu Beynəlxalq Konfransının əmək fəaliyyəti, məşğulluq və işçi qüvvəsindən tam istifadə olunmamasına dair Qətnaməsindən irəli gələn yeni standartların tətbiqi ilə bağlı iştirakçılar ətraflı məlumatlandırılmışdır.
Tədbirin sonunda Çin Xalq Respublikasının BMT yanındakı daimi nümayəndəliyinin rəhbəri çıxış edərək müzakirələr zamanı əldə olmuş məlumatların iştirakçılar üçün faydalı olduğunu bildirmiş və kursun yekununu müsbət qiymətləndirmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim