Almaniyanın Viesbaden şəhərində “Statistika idarələrində keyfiyyətin idarə olunması” mövzusunda seminar keçirilmişdir
2015-ci ilin 02-06 noyabr tarixlərində Texniki Yardım və İnformasiya Mübadiləsi (TAIEX) layihəsi çərçivəsində Almaniya Federativ Respublikasının Viesbaden şəhərində “Statistika idarələrində keyfiyyətin idarə olunması” mövzusunda təşkil edilmiş seminarda Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Qasım Əliyev, şöbənin sektor müdiri Vüqar Şahbazov və aparıcı məsləhətçi Məhliqa Məlikova iştirak etmişdir.
Seminarın keçirilməsində əsas məqsəd statistika idarələrində keyfiyyətin idarə olunması sisteminin qurulması, təkmilləşdirilməsi və işlək vəziyyətdə saxlanılması, keyfiyyətlə bağlı ən son yeni standartların və tövsiyələrin mənimsənilməsi, keyfiyyətin idarə olunması sisteminin vacibliyi, keyfiyyət mədəniyyəti və onun formalaşması, keyfiyyətin qiymətləndirilməsi üsulları və s. məlumatlarla bağlı təlim keçməkdən ibarət olmuşdur.
Seminar əsasən aşağıdakı məsələləri əhatə etmişdir:
1. Keyfiyyət təminatının əsasları;
2. Almaniyada rəsmi statistikanın inkişafı;
3. Keyfiyyət təminatı üçün rəsmi və institusional səviyyə;
4. Mütəxəssis qiymətləndirmələri (Peer Review) və Avropa Statistika Sistemi çərçivəsində keyfiyyətin təminatı (QAF);
5. Keyfiyyət məruzələri, keyfiyyət göstəriciləri, keyfiyyət məlumat səhifələri, keyfiyyət qaydaları;
6. “Statistik Biznes-Prosesin Ümumi Modeli”nin (SBPÜM) 5-ci versiyasının Almaniyanın “Rəsmi Statistikanın Biznes-Prosesi Modeli”nə (GMAS) uyğunlaşdırılması;
7. Statistiklərin özünü qiymətləndirməsi üçün “Özünü qiymətləndirmə proqramının hazırlanması anketi” (DESAP);
8. Məlumatların dəqiqləşdirilməsi siyasəti və təqvimi, xəta siyasəti;
9. Keyfiyyətin İdarə olunması üzrə Avropa fondu (EFQM);
10. Keyfiyyətin idarə olunmasında informasiya texnologiyalarının rolu.
Seminarın ilk günü almaniyalı ekspertlərə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sistemi barədə ümumi məlumat verilərək, sistemin qurulma mexanizmini özündə əks etdirən 2010-2015-ci illəri əhatə edən xülasə təqdim edilmişdir.
Almaniya Federativ Respublikası Statistika İdarəsinin əməkdaşlarının keyfiyyət təminatının əsaslarını əhatə edən alətlər, hüquqi və institusional mühit, SDMX standartı üzrə metaməlumatlar (ESMS), keyfiyyət məruzələri (ESQRS), keyfiyyət göstəriciləri, keyfiyyət məlumat səhifələrinin yaradılması, keyfiyyət qaydaları, məlumatların dəqiqləşdirilməsi siyasəti və təqvimi, xəta siyasəti, statistiklər üçün özünüqiymətləndirmə anketinin tətbiqi (DESAP), statistik biznes proses əsasında statistik proseslərin təsviri ilə bağlı təqdimatları olmuşdur.