AZ    EN
logo

Albaniyanın Tirana şəhərində “Nəticələr üzrə statistik məlumatların yayımlanması”na dair regional seminar keçirilmişdir

01.12.2015

Dövlət Statistika Komitəsinin aparatının Əhali və gender statistikası şöbəsinin aparıcı məsləhətçisi Sitarə Babayeva cari ilin 17-19 noyabr tarixlərində XXI əsrdə inkişaf üçün statistikada əməkdaşlıq (Paris21) və Albaniya Milli Statistika İnstitutu tərəfindən Albaniyanın Tirana şəhərində təşkil edilmiş “Nəticələr üzrə statistik məlumatların yayımlanması”na dair regional seminarda iştirak etmişdir. Seminarın əsas məqsədi statistik məlumatların yayılması sahəsində mövcud standart və alətlərdən istifadə haqqında məlumat verməkdən ibarət olmuşdur.
Seminarda 8 ölkənin (Azərbaycan, Gürcüstan, Bosniya və Herseqovina, Kosovo, Monteneqro, Moldova, Albaniya, Ermənistan) milli statistika xidmətlərinin mütəxəssisləri, eləcə də Paris21-in, Estoniyanın “Pozitium” kommersiya təşkilatının və Avrostatın nümayəndələri də daxil olmaqla ümumilikdə 15 nəfər iştirak etmişdir.
Tədbiri Paris21-in Texniki Proqramlar üzrə koordinatoru Cefri Qrinvil açıq elan etmiş və Paris21-in yaranma məqsədi, fəaliyyət istiqamətləri, əhatə etdiyi ölkələr, mikro və metaməlumatlar, metaməlumatların sənədləşdirilməsinin statistika xidmətləri və istifadəçilər üçün əhəmiyyəti haqqında təqdimatla çıxış etmişdir.
Daha sonra Paris21-in Layihələndirmə üzrə baş koordinatoru Trevor Fletçer “Statistik məlumatlar və metaməlumatlar mübadiləsi (SDMX)” mövzusunda hazırladığı təqdimatda SDMX anlayışı, onun istifadə sahələri, komponentləri və terminləri, məlumatların mübadiləsi, hazırda mövcud olan layihələr və gələcək planlar haqqında məlumat vermiş, bütün təşkilatların istifadə edə biləcəyi xəritəçəkmə, kod siyahısı və sair bu kimi SDMX alətlərinin mərkəzləşdiyi Qlobal Registrdən bəhs etmişdir.
Növbəti gün Avrostatın turizm statistikası şöbəsinin müdiri Kristof Demunter “Avrostat və Big Data” mövzusunda təqdimatla çıxış etmişdir. Məruzəçi Avrostatın və Avropa Statistika Sisteminə daxil olan ölkələrin rəsmi statistika orqanlarının Big Data ilə təmin edilməsində rolunu qeyd etmişdir. Big Data-dan istifadənin əhəmiyyəti istifadəçilərin sorğularının tez və dolğun cavablandırılmasından, statistik məhsul istehsalında geniş sahələri əhatə etməklə keyfiyyətin artırılmasına şərait yaradılmasından ibarətdir.
Daha sonra Estoniyanın “Pozitium” kommersiya təşkilatının rəhbəri Marqus Tiru “Turizm, nəqliyyat, əhali statistikası və digər sahə statistikalarında mobil telefonların yerləşməsi haqqında məlumatlara giriş” və “Turizm statistikasında mobil telefonların yerləşməsi haqqında məlumatlardan istifadə edilməsinin texniki-iqtisadi əsaslandırılması” mövzularında təqdimatlarla çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, mobil telefonların yerləşməsi haqqında məlumatlar insan cəmiyyəti dinamikasının öyrənilməsi üçün yeni və maraqlı məlumat mənbəyidir. Belə məlumat bazasının əsas nöqsanı mobil telefon daşıyıcıları haqqında məlumatların məxfiliyi, mobil operatorların kommersiya sirləri və məlumatların işlənməsində olan çətinliklərdən ibarətdir. Nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə əhalinin 87% mobil telefonlardan istifadə edir, böyük mobil məlumatlar əhali, turizm, nəqliyyat statistikasında, şəhər planlaşdırılmasında, mövcud əhalinin sayının müəyyənləşdirilməsində və digər sahələrdə inzibati məlumatlara alternativ məlumatlar kimi tədqiqatlar zamanı istifadə oluna bilər.
Tədbirin sonuncu günü Paris21 əməkdaşlığının mütəxəssisi Tilo Kleyn “Məlumatların vizual görünüşü” mövzusunda təqdimatla çıxış edərək məlumatları daha aydın təsəvvür etmək üçün qrafiklərin əhəmiyyəti, növləri və qrafiklərin tərtibatında istifadə olunan proqram haqqında məlumat vermişdir.
Sonda tədbirin təşkili, əhəmiyyəti müzakirə edilmiş və seminarda əhatə olunmayan digər mövzular üzrə tədbirlərin gələcəkdə keçirilməsinin vacibliyi qeyd olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim