Məşğulluq statusuna dair beynəlxalq təsnifatın yenidən işlənib hazırlanması ilə əlaqədar İşçi qrupunun iclası keçirilmişdir.
Məşğulluq statusuna dair beynəlxalq təsnifatın yenidən işlənib hazırlanması məqsədi ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən yaradılmış İşçi qrupunun ikinci iclası 2015-ci il dekabr ayının 2-4-də Cenevrə şəhərində keçirilmişdir. İşçi qrupun üzvü kimi Dövlət Statistika Komitəsinin Əmək statistikası şöbəsi müdirinin müavini Nemət Xuduzadə bu görüşdə iştirak etmişdir.
Görüşün əsas məqsədi əmək, məşğulluq və işçi qüvvəsindən tam istifadə olunmaması ilə bağlı Əmək Statistiklərinin 19-cu Beynəlxalq Konfransı tərəfindən qəbul edilmiş qətnamədən irəli gələn yeni standartlar əsasında 1993-cü ildə qəbul edilmiş Məşğulluq statusuna dair beynəlxalq təsnifatın yenidən işlənməsi ilə əlaqədar keçirilmiş işçi qrupunun birinci iclasının yekunlarına dair hesabatın qəbul edilməsi və təsnifatın təkmilləşdirilməsi istiqamətində aparılan müzakirələrin davam etdirilməsi olmuşdur.
Görüşdə İşçi qrupuna üzv olan ölkələrin (ABŞ, Avstraliya, Argentina, Azərbaycan, Çili, Çin, Finlandiya, Fransa, Almaniya, Hindistan, İndoneziya, Yaponiya, Meksika, Cənubi Afrika, İsveçrə, Tunis, Uqanda və İngiltərə) milli statistika orqanlarının, 6 beynəlxalq təşkilatın (Avrostat, BƏT, Yaşayış və İş şəraitinin yaxşılaşdırılması üzrə Avropa Fondu (Avrofond), Qloballaşan İqtisadiyyatın Qeyri-formal sektorunda Qadınlar (WIEGO), MDB-nin Statistika Komitəsi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)), Avstraliya və Almaniya Sahibkarlar Konfederasiyaları və Həmkarlar İttifaqlarının, eyni zamanda BƏT-in mütəxəssislərindən ibarət 34 nəfər iştirak etmişdir.
Beynəlxalq təşkilatların mütəxəssisləri tərəfindən məşğulluq statusu ilə əmək fəaliyyəti formaları arasında qarşılıqlı əlaqələr, inkişaf etmiş ölkələrin təcrübələrinə uyğun olaraq, müxtəlif növ əmək müqavilələri əsasında çalışan muzdlu işçilər üzrə metodoloji izahlar və bu kimi əmək müqavilələrinin milli səviyyədə tətbiq olunma imkanları, məşğul əhalinin statusa görə təsnifatlaşdırılması çərçivəsində qeyri-formal məşğulluğun statistik qiymətləndirilməsi və s. ilə bağlı təqdimatlar olmuş və geniş müzakirələr aparılmışdır.
Bununla yanaşı, Əmək Statistiklərinin 19-cu Beynəlxalq Konfransı tərəfindən 2013-cü ildə qəbul edilmiş qətnaməyə uyğun olaraq, əmək fəaliyyəti formalarını özündə əks etdirən yeni standartlar əsasında yenidən işlənməsi nəzərdə tutulan məşğulluq statusu əməyin 5 müxtəlif formasının - öz istifadəsi üçün istehsal, məşğulluq, haqqı ödənilməyən stajçı işi, könüllü iş və digər əmək fəaliyyətləri - hər birinin ayrı-ayrılıqda nəzərə alınmasının vacibliyi qeyd edilmişdir.
Tədbirin sonunda işçi qrupunun gələcək fəaliyyəti müzakirə olunmuşdur. Belə ki, 2016-cı ildə təqdim edilmiş təkliflərin qiymətləndirilməsi və bu sahədə işçi qrupun üzvləri arasında müzakirələrin elektron poçt vasitəsilə davam etdirilməsi, müzakirələrin nəticəsi olaraq ilkin sənəd layihəsinin işlənib hazırlanması və işçi qrupunun növbəti iclasına təqdim edilməsi razılaşdırılmışdır.